Hər bir ölkədə polis vətəndaşların təhlükəsizliyinin keşiyində dayanır.
Cinayətkarlarla mübarizə çərçivəsində hüquq-mühafizə orqanlarının gördüyü işi danmaq olmaz. Eləcə də, pandemiya dövrü ilə əlaqədar olaraq istər vətəndaşların, istər həkimlərin, istərsə də güc strukturlarında çalışan şəxslərin psixoloji durumlarında müəyyən qədər gərginliklərin olması normaldır.
Ötən gün sərt karantin rejimi çərçivəsində paytaxtın Yasamal rayonu ərazisində karantin rejimini pozan şəxslərlə polislər arasında yaranan mübahisəli məqamların səbəbi də budur. Qanun hər kəs üçün qanundur.
Sözügedən hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Cəmiyyətdə polisin və vətəndaşların “haqlı olduğuna” dair fikirlər səsləndirən iki qrup formalaşıb. Görəsən, mövcud vəziyyətə belə yanaşmaq gələcəkdə vətəndaşlarla güc strukturları arasındakı münasibətə necə təsir göstərəcək?
Yasamalda baş verən hadisədə polis, yoxsa vətəndaş haqlı idi? Vətəndaşların polis işçilərini təhqir etmək haqları varmı? Bəs polislərin vətəndaşlara qarşı münasibəti qanun çərçivəsində idi?
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev son günlər sosial şəbəkələrdə müzakirə edilən məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, polis dövlətin güc strukturudur, cinayətkarlarla mübarizədə onların zəhmətini danmaq olmaz:
“Əvvəlcə onu deyim ki, vətəndaşların təhlükəsizliyinin keşiyində dayanan polisin üzərinə zibil atılması, su tökülməsi doğru deyil.
Azərbaycan polisinin bu günə qədər vətəndaşların yanında olması, xüsusilə pandemiya dövründə vətəndaşların ehtiyaclarına biganə yanaşmayıb, onların yanında olmasını yüksək qiymətləndirmək lazımdır.
Ən azı həkimlər qədər sağlamlıqlarını riskə ataraq, öz xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına əl qaldırmaq dövlətə əl qaldırmağa bərabərdir. Bu günə qədər neçə nəfər polis işçisi xidməti vəzifələrini yerinə yetirən zaman koronavirusa yoluxub. Bu faktları gözardı etmək olmaz. Vətəndaşların davranışı doğru deyil və qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunmalıdırlar.
Polis əməkdaşlarının isə daim növbədə olmaları, gücləndirilmiş iş rejimində çalışmaları, mövcud vəziyyətlərin təsiri altında emosional davranmaları bir qədər başadüşüləndir. Amma bütün hallarda polislərimizdən daha təmkinli davranış gözləyirdim. Onlar dövlət orqanının nümayəndəsi olduqlarını da unutmamalı idilər. Amma birmənalı başa düşülməlidir ki, polislər də insandır və onları da bu qədər təhqir, tənqid etmək, ünvanlarına alçaldıcı ifadələr səsləndirmək olmaz.
Hər iki tərəfin bir qədər özünü cilovlaması yaxşı olardı. Çünki vətəndaş unutmasın ki, təhlükə qarşısında qalanda ilk olaraq bu gün tənqid etdiyi hüquq-mühafizə orqanlarına müraciət edir.
Vətəndaşlar və polis işçiləri arasında münasibətlərin bu qədər dərinləşməsinə imkan vermək olmaz. Hər birimiz bu ölkənin vətəndaşıyıq və bir-birimizi bu çətin günlərdə başa düşməliyik. Qayda-qanuna riayət etməliyik”.
Ə.Nuriyev mövcud vəziyyətlə bağlı təmsil etdiyi dövlət qurumunun mövqeyinə zidd davranışlara yol verən polis əməkdaşları barəsində görülən tədbirləri də müsbət qiymətləndirib:
“Unutmayaq ki, baş verən hadisədə vətəndaşlar da, polislər də düzgün olmayan davranışlara yol verdi. Bütün hallarda qanunazidd hərəkətlərə yol verən vətəndaşların da, polislərin də sayı çox deyildi. Həmin vətəndaşlar qanunamüvafiq formada məsuliyyətə cəlb olunmalı və növbəti dəfə belə davranışlara yol verməməli olduqlarını başa düşməlidirlər.
O ki qaldı polis əməkdaşlarının davranışına, birinci gün polislər baş verən hadisələrin qarşısında kifayət qədər təmkinli davrandılar. Lakin növbəti gün polislərin bir sıra hallarda protokoldan kənara çıxan davranışları müşahidə edildi.
Gərək bu məqamlar gözləniləydi. Bununla bağlı aidiyyəti üzrə təlimatlar verildi. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qanunazidd davranışlara yol verən polis işçilərinin vəzifələrindən azad edilmələri barədə qərar qəbul edildi.
Bu da onu göstərdi ki, heç kəs toxunulmaz deyil, qanun hər kəs üçün qanundur. Qanunun tələblərini yerinə yetirməyən, vəzifəsindən sui-istifadə edən şəxslər kimliyindən asılı olmayaraq, məsuliyyətə cəlb ediləcəklər.
Bu, məsuliyyətin bölüşdürülməsi prinsipini ortaya qoyur. Bütün hallarda məsuliyyətin böyük bir hissəsi dövlətin, güc strukturlarının üzərinə düşür. Qanunsuzluq varsa, onun qarşısını bir başqa qanunsuzluqla almaq düzgün deyil. Amma bütün hallarda vətəndaş-polis münasibətlərində etik normaların gözlənilməsi önəmlidir.
Bu və digər fövqəladə hallar zamanı polis əməkdaşlarının daha təmkinli olmaları üçün xüsusi təlimlər keçirilir. Düşünürəm ki, bu hadisələrdən sonra bu kimi ekstrim vəziyyətlərdə, xüsusi karantin rejimində yeni münasibətlərin, yeni fərqli davranış normalarının tətbiqinə ehtiyac var.
İnkar etmək olmaz ki, ötən gün baş verənlər vətəndaşlarla polis arasındakı münasibətləri zədələyib. Lakin vətəndaş cəmiyyəti güc strukturlarına, onların qanunvericiliyin normaları çərçivəsində təlimatlarına əməl etməli, güc strukturları da öz növbəsində vətəndaşları başa düşməyə çalışmalıdır.
Belə olan halda vətəndaşlarla polis əməkdaşları arasında daha etibarlı münasibət qurulmasına zəmin yaratmaq olar. Hər bir halda biz birlikdə güclü olduğumuza inanmamalıyıq”.