SQ-nin Baş Klinik Hospitalının təcrübəli həkimləri ehtiyatda olan zabiti ziyarət ediblər - FOTO (VİDEO)

 

Bir müddət öncə sosial şəbəkələrdə ehtiyatda olan kapitan Məmməd Quliyevin səhhətinin ağır olması ilə bağlı videosujet paylaşılıb.

 

Bunu Müdafiə Nazirliyindən bildiriblər.

"Mövcud problemə tərəfimizdən dərhal reaksiya verilib. Məmməd Quliyevin qaldırdığı problemlərin həlli birbaşa Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmasa da, tərxis olmuş hərbi qulluqçumuza diqqətlə yanaşmağı mənəvi borc bilən kollektivimiz onun qayğıları ilə maraqlanıb.

Müdafiə nazirinin göstərişinə əsasən nazirliyin nümayəndələri və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının təcrübəli həkimləri ehtiyatda olan zabit Məmməd Quliyevi ziyarət ediblər.

M.Quliyevin sosial problemlərinin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Tibb xidməti polkovniki Şücaət Əliyev və polkovnik-leytenantı Səbuhi Quliyev şəraitə uyğun olaraq Məmməd Quliyevi müayinə edərək ona təxirəsalınmaz tibbi yardım göstərib, lazımi tapşırıqları və tövsiyələrini ailə üzvlərinin diqqətinə çatdırıblar.

Ordu sıralarından tərxis olunan hərbçilərin sosial problemlərinin daim rəhbərliyin diqqət mərkəzində olduğunu və yardıma ehtiyacı olanların hər zaman nəzarətdə saxlanıldığını qeyd edən Müdafiə Nazirliyinin zabiti polkovnik Aydın Əyyubov 2013-cü ildə ordu sıralarından tərxis olunan və ağır xəstəlikdən əziyyət çəkən hərbi qulluqçunun ailəsinə maddi yardım və Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qablaşdırılan zəruri ərzaq yardımı təqdim edib.

Ehtiyatda olan zabit M.Quliyevin Müdafiə Nazirliyinin nəzarətində olduğu qeyd edilib və bildirilib ki, xəstəlikdən əziyyət çəkən hərbi qulluqçumuzun səhhətilə bağlı zəruri addımlar atılacaq.

M.Quliyev və ailə üzvləri Müdafiə Nazirliyinin rəhbərliyinə bu diqqətə və qayğıya görə minnətdarlığını bildiriblər.

Bununla yanaşı, Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən M.Quliyevin ailəsi ilə bağlı qanun çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacaq”, - deyə nazirliyin məlumatında qeyd olunur.
 
2020-06-09 / 16:49
Facebook