Vətəndaşlardan polisə dəstək mesajları

 

Dünən Yasamal rayonunda bir nəfərin karantin qaydasını pozduğu üçün saxlanılan zaman bina sakinlərinin polislərin üzərinə eyvanlardan zibil torbaları atması digər vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb.

Iyunun 7-si günorta saatlarından etibarən yayılan bu görüntülərə reaksiyalar birmənalı olaraq polisin müdafiəsi istiqamətində olub. Koronavirus pandemiyasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonu qapanma qərarına əməl etməyənlərlə bağlı daxili işlər orqanları əməkdaşları tərəfindən respublikanın 4 şəhəri və bir rayonunda fasiləsiz xidmət aparılıb və karantin qaydasının pozulmasının qarşısı alınıb. İki gün ərzində polis tərəfindən 2776 nəfər zərurət olmadan küçəyə çıxan şəxs cərimə olunub. Sosial şəbəkələrdə yayılan videolardan görünürdü ki, daha minlərlə vətəndaşa sadəcə xəbərdarlıq olunaraq evə getmələri xahiş olunub. Bir çox videolarda isə polisi xidmət başında görən vətəndaşların dərhal evlərinə qaçmağa başladığı görünürdü.

Bu iki gün ərzində polisin himn oxunarkən hərbi salam verməsi, evində çörəyi olmayan vətəndaşa çörək alıb aparması, küçədə açıq market axtaran yaşlı qadına polisin öz yeməyini verməsi elə vətəndaşlar tərəfindən videoya çəkilərək sosial şəbəkələrdə paylaşılıb və əhalinin böyük bir qismi tərəfindən minnətdarlıq rəyləri alıb. Polis əməkdaşlarının dünən Yasamal rayonunda başlarına zibil atılmasına baxmayaraq təmkinli davranması da bir çox sosial şəbəkə istifadəçilərinin rəğbətinə səbəb olub. Bu gün əməliyyat zamanı çəkilən və sosial şəbəkələrdə yayılan görüntülər tənqid olunsa da, bu prosesi müdafiə edənlər də çox olub.

Sosial şəbəkələrdə əskər insanlar dünən polisə qarşı edilən hərəkətə görə bugünkü əməliyyatı normal hesab ediblər. Vətəndaşlar bu yolla dövlət məmurunun başına zibil atanların qınanılmalı olduğunu, polisin xidməti vəzifəsini yerinə yetirirərkən haqsız davranışla qarşılandığını bildiriblər. Onlar məsələyə reaksiya verərək bunun düzgün addım olmadığını, polisin sadəcə qərarları icra etdiyini bildirərək insanlara da karantin qaydalarına əməl edərək evdə qalmağa çağırış ediblər.

Polis ətrafında baş verən bu prosesdə sıravi vətəndaşlardan başqa, ictimai xadimlər də daxili işlər orqanlarının xidmət başında olan şəxslərini müdafiə ediblər.

Milli Məclisin vitse-spikeri, millət vəkili Adil Əliyev məsələyə münasibət bildirərək deyib ki, şənbə və bazar günü qadağası polisin üzərinə böyük məsuliyyət qoyurdu: “Çünki polis karantin qaydalarının riayətinə nəzarət etməli idi. Məsuliyyətli vətəndaşlarımız kimi polisimiz də bu sınaqdan üzüağ çıxdı. Ancaq qaydalara riayət etməyənlər və aranı qarışdırmaq istəyənlər yenə tapıldı. İnternetdə yayılan görüntülərin birində polis qanuna riayət etməyən vətəndaşımızı polis məntəqəsinə aparmaq istədikdə müqavimətlə üzləşir, bəziləri eyvandan polislərin üzərinə müxtəlif əşyalar atırlar. Polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimi Azərbaycanda da qanun pozuntusu sayılır. Bunu edənlər düşünməsinlər ki, cəzasız qalacaqlar. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdeh daşımayacaqlarını düşünə bilərlər. Fədakar polislərimiz bizlərdən biridirlər, qanunun keşiyində dayanıblar, hər zaman bizə əl tutmağa da hazırdılar. Təsadüfi deyil ki, şənbə və bazar günləri yayılan görüntülərdə polisimizin nümunəvi hərəkətləri ilə yadda qaldı. Polis maşını ilə yoldan keçən yaşlı qadının bacısının dəfninə aparılmasından tutmuş, piştaxtaların boşaldılması səbəbindən çörək almağa macal tapmayan vətəndaşımızın evinə çörək aparan polisimizə qədər müsbət nümunələr gördük. Ancaq kim ki, bu iki gündə qaydalara riayət etməyib, qadağalara məhəl qoymayıb, polisə müqavimət göstərib, onlar məsuliyyətə cəlb olunublar. Biz hüququ dövlətdə yaşayırıqsa, qanunlara tabe olmalıyıq. Polis isə qanun keşikçisidir”. 

Deputat Fazil Mustafa yeniavaz.com saytına açıqlamasında bildirib ki, bu məsələdə çox ciddi tədbir görülməlidir: “Qoy başqaları görsün ki, belə eləmək olmaz. Bunun adı təkcə tərbiyəsizlik, mədəniyyətsizlik deyil, bunun adı təxribatdır. İndi elə bir dövrdür ki, sanki müharibə vəziyyətidir. Müharibə vəziyyətində polisə zibil atmaq nə deməkdir? Bomba atmaq, güllə atmaq kimi bir şeydir. Başqa adı nədir? Polis uşağını, ailəsini, körpəsini evdə qoyub, problem yaranmasın, küçədə hər hansı bir hadisə baş verməsin deyə səni qoruyur. Sən niyə ona zibil atmalısan? Araşdırmaq üçün bu insanlardan müəyyən ifadələr alınacaq, kimin ki günahı yoxdur, onlar buraxılacaq. Hamının burada cəzalandırılmasından söhbət getmir. Amma kim atıbsa ciddi cəzalandırılmalıdır. Azərbaycan polisi də sənin övladındır, yaxınındır, polis səndən qeyri-qanuni nəsə tələb etməyib. Məsələn metroda baş verən hadisə zamanı polis nə deyirdi? Deyirdi maska tax. Demirdi ki, mənə pul ver. Dövlət qayda qoyub ki, küçəyə çıxmayın. Sən onun üstünə bilərəkdən zibil atırsansa, bunun adı nədir? Mədəniyyətsizlikdən əlavə bu təxribatdır. Buna qarşı sərt tədbir görülməzsə onda hamı polis görəndə evindən üstünə zibil atacaq. Sabah kim qoruyacaq bu cəmiyyəti? Həkimlər və polislər bu gün ən çox əziyyət çəkən təbəqələrdir. Polisin nə marağı var ki, binadakı 20 nəfərin hamısını cəzalandırsın, yaxud da məsuliyyətə cəlb etsin. Bu baxımdan mən burada hansısa narahatedici bir amil görmürəm. Mən bu məsələdə hər hansı bir şəkildə Azərbaycan polisinin qınanmasının tərəfdarı deyiləm. Polis həqiqətən böyük dəyanət göstərdi. İnsanlar da bir-birinə nəzarət etməlidirlər. Qonşu qonşuya deməlidir ki, bu məsələdə bir az mədəni davran. Polis kobudluq etsə, kiməsə nahaqdan söz desə mən başa düşərəm. Polis axı “botinka”nın içində bütün günü əziyyət çəkir. Evdə bəlkə də 5-10 dəfə ayağını yuyub təmizləməli olur ki, bütün günün ağrısı-acısı çıxsın. Ona görə də mən hesab edirəm ki, bu məsələdə çox ciddi tədbir görülməlidir”.

2020-06-08 / 18:52
Facebook