Həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi zamanı avtmobil yollarında karantin postları quraşdırılmayacaq.
Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi bildirib ki, ikigünlük məhdudiyyət zamanı həmin postlara ehtiyac olmasa da yol polisləri gücləndirilmiş iş rejimində çalışacaq: "Bilirsiniz ki, keçən dövrlə müqayisədə bu dəfə daha çox məhdudiyyət tətbiq olunub, daha çox şəxsin evdən çıxması məhdudlaşdırılıb. Yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir. Həmin şəxslər isə yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər. Yəni fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsi qadağandır. Məhdudiyyət zamanı taksi, avtobus və digər minik avtomobillərinin hərəkətinə icazə verilmir. İcaze.gov.az portalında qeydiyyatdan keçən və fəaliyyətinə rəsmi icazəsi olan şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməz".