Azərbaycanın Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.
“Hörmətli həmvətənlər!
Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artıb.
Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.
Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq.
Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur.
Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.