Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır

 

"Koronavirus xəstəliyi yoxdur" deyən və səhv informasiya yayanlar cahil insanlardır. Bu virusun ciddiliyi insanlar tərəfindən nəzərə alınmalıdır.

Bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayının getdikcə artdığını deyən mütəxəssis bildirib ki, dünən artıq ölkə üzrə ən yüksək say - 325 yeni yoluxma halı qeydə alınıb. Ölkədə xəstəliyə ümumi yoluxanların sayı isə 6260-a çatıb.

Bu artımı çox təhlükəli sayan Y.Abdiyeva qeyd edib ki, insanlar tibbi maska taxmaqla və digər zəruri təlimatlara əməl etməklə özlərini və yaxınlarını virusdan qorumalıdırlar.

COVİD-19-un ağciyərlər üçün hansı səbəbdən təhlükəli olduğunu açıqlayan alim əlavə edib ki, Çinin Uhan şəhərindəki Zhongnan Xəstəxanasının həkimləri də koronavirusu olan ağır xəstələrin ağciyərlərində ciddi dəyişikliklərin olduğunu bildirirlər:

"COVİD-19-dan ölən doqquz xəstənin patoloji anatomik müayinələri zamanı aşkar etdilər ki, virusa məruz qalma səbəbindən ağciyər toxuması fibrozlaşmağa başlayır. Bu da infeksiyadan sağalandan sonra da insana əzab verə bilər. Koronavirus infeksiyası müalicədən sonra da sağlamlığa təsir edəcək ciddi nəticələrə səbəb olur. Belə ki, COVID-19 ağciyər həcminin azalmasına və beynin bütün hissələrinin ölümünə səbəb ola bilər. İnfeksiya müalicə olunmayan xroniki bir xəstəlik - ağciyər fibrozunun səbəbidir. İnfeksiyaya yoluxanların çoxunda ağciyər həcmində azalma olur. Ağciyər funksiyasının pozulmasının, koronavirusun səbəb olduğu alveolyar lezyonlarla əlaqəli olduğu müəyyən edilib. Alveolun divarlarında birləşdirici toxuma yayılma səbəbindən sağalmış xəstələrdə belə ağciyər fibrozu inkişaf edə bilər. Bu vəziyyətdə insanda tənəffüsün tezləşməsi, nəfəs darlığı, quru öskürək, oksigenin xroniki çatışmazlığı olur".

Y.Abdiyeva bildirib ki, koronavirusa yoluxmuş insanların ağciyərlərinin selikli qişasının iltihabı inkişaf edir. Nəticədə yaxınlıqdakı qan damarlarından çıxan maye ağciyərlərin hava qovuqlarına sızaraq nəfəs almağı çətinləşdirir.

Y.Abdiyeva qeyd edib ki, koronavirus əlamətləri olmayan xəstələrdə belə ağciyər ağırlaşmaları aşkar edilib.

Onun sözlərinə görə, asimptomatik COVID-19 olan xəstələrdə subklinik dəyişikliklər tez-tez baş verir:

"Həkimlər 25 yaşdan 93 yaşa qədər olan 104 xəstənin KT müayinəsini etdilər. 76 nəfərdə xəstəlik xarici əlamətlər olmadan davam etdi, yəni öskürək və nəfəs darlığı yox idi, bədən istiliyi 37,5 dərəcədən yuxarı qalxmadı. Amma həmin insanların 41-nin ağciyərində viral pnevmoniyaya uyğun olan anormal bulanıqlıq müşahidə edilib. Xəstəliyin əlamətləri olmayan xəstələrdə zərərin şiddəti daha aşağıdır, lakin onların tezliyi təxminən eynidır".

2020-06-04 / 12:56
Facebook