“Zhara” leyblı altında Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, əslən azərbaycanlı repçi Nəvai Bəkirov “Youtube”da yayımlanan “вМесте” layihəsinin qonağı olub.
Sənətçi şəxsi həyatı və karyerası barədə etirafları ilə diqqət çəkib.
Beşinci sinifə kimi Moskvada təhsil alan Nəvai ailəsi ilə birgə Gəncə şəhərinə köçdüyünü bildirib:
Rusiyanı tərk edib, Gəncə şəhərinə köçdük. Burada cırıq cins şalvar geyindiyinə, şortda gəzdiyinə və ya ana söyüşü söydüyünə görə, sənə irad bildirə bilərlər. Hətta səni aparıb, başa sala bilərlər. Bunları bilmədiyimə görə, daim dava düşürdü. Amma tez öyrəndim. Ən əsası isə böyüklərə hörmət etməyi, onlar gələndə ayağa qalxmağı və s…
2006-cı ildə qardaşım dünyaya gəldi. Ailənin maddi imkanları yaxşı olmadığından, 11 yaşımda işləməyə başladım. Təhsil alırdım, saat ikidə evə qayıdırdım, paltarımı dəyişirdim və sonra işə gedirdim. Günü dörd manata çayxanada ofisiant işləyirdim. İş yerim evimdən dörd kilometr aralı idi. İşə piyada gedib-gəlirdim, qənaət etdiyim pula isə evə çörək alırdım. Bunların sayəsində həyatda nələrisə öyrənə bildim”.
Repçi özünü yaraşıqlı saymadığını deyib:
“Özümdən heç zaman xoşum gəlmir. 100 gündə bir dəfə ola bilər ki, saç düzümüm ürəyimcə olsun və ya şəkil çəkdirəndə gülümsəyim, baxanda mənə xoş gəlsin. Hesab etmirəm ki, kişi yaraşıqlı olmalıdır. Kişi hər zaman təmizkar olmalıdır”.
N.Bəkirov daxilində ona rahatlıq verməyən məqamlardan da söz açıb:
“Qızlar mənə meyillənirlər. Bu mənada bir az soyuqqanlıyam. Bir insanı çox sevə bilərəm, amma səhv addım atarsa, bir anlıq o sevgi yox ola bilər. Əgər bir qadın xoşuma gəlirsə, bunu ona izah edirəm. Bir-birimizi bəyəniriksə görüşək, əylənək. Amma bir-birimizin arxasınca qaçmayaq. Əgər bir qız yaxşı olacaqsa, o mənim üçün bir hədiyyədir. Ondan mənə başqa heç nə lazım deyil. İçimdə bir dilemma var ki, o məni heç vaxt rahat buraxmır. Hələ indiyə kimi elə bir insan rastıma çıxmayıb ki, o, məni onu sevdiyim qədər sevsin. Qadından deyil, insandan söhbət gedir. Tez aşiq oluram. Dostlarımı da çox sevirəm”.
Qeyd edək ki, repçilər HammAli (Alexander Əliyev) və Navai (Nəvai Bəkirov) Rusiyada ən populyar qruplardan biridir. Əslən azərbaycanlı olan məşhurlar Rusiyada yaşayır və orada musiqiçi kimi fəaliyyət göstərirlər.
Onlar 2017-ci ildə məşhurlaşıblar. İlk hitləri “Pustite menya na tantspol” Rusiyanın ən çox dinlənilən 20 mahnısına daxil edilib. Duetin ən son hit mahnısı “Let Me On The Dance Floor” “YouTube”da 90 milyon baxış toplayıb.