Bakıda gizli fəaliyyət göstərən restoranın sahibi və 24 müştərisi cərimələndi - FOTO

 

Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda restoran, kafe, çay evlərində müştərilərə yerində xidmət mayın 18-dən bərpa edilib.

Qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar. Amma bəzi restoran və kafelər fəaliyyətlərini qeyd edilən saatlardan əlavə davam etdirməyə cəhd göstərsələr də, polis əməkdaşları tərəfindən bunun qarşısı alınır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sonuncu belə tədbir zamanı Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən, paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranının saat 18:00-dan sonra da işlədiyi məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi, Post-Patrul Xidməti Bölüyü və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilən saatlardan kənar gizli fəaliyyət göstərdiyi və müştərilərin qəbul edildiyi müəyyən olunub.

Həmçinin, restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri müəyyənləşib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar. 

2020-05-20 / 18:10
Facebook