Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürürlər.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə edilməsi məntəqəsinə göndərilməsi üzrə tapşırıqları icra edirlər. Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir.
Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.
Təlimdə Azərbaycan Ordusunun silahlanmasında mövcud olan “Orbiter 3” kiçik ölçülü taktik PUA-larla yanaşı “Aerostar TP” və “Heron” tipli taktik PUA-lar da istifadə olunur. Qeyd edək ki, Müdafiə Nazirliyi “Heron”ları təlimdə ilk dəfə nümayiş etdirib.