Bakalavrlar üçün dövlət imtahanı ləğv edildi - Yenilənib

Bkalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. 

Bununla bağlı məlumat Baş Nazir Əli Əsədovun imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarda öz əksini tapıb. 

Qeyd edilir ki, təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.

 Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.

Təhsil eksperti Kamran Əsədov yeni qərarı şərh edib. O bildirib ki, yeni qərara görə ali təhsil məssisələrinin IV kursunda və kolleclərin son kursunda oxuyan və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 51 baldan yuxarı olan tələbələr yekun dövlət imtahanından azaddırlar.

2020-05-19 / 22:24
Facebook