Sabahdan xüsusi karantin rejimi yumşaldılır

 

Məlum olduğu kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 15-də qərar qəbul edib.

Məlumatda bildirilib ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

• yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;

• restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

• muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;

• 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

• yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

• bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

• ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

• dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

• toy məclislərinin təşkilinin qadağan olunması;

• bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

• tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

• ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

• muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

• ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• massaj və hamam xidmətlərinin göstərilməsi;

Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
2020-05-17 / 15:06
Facebook