"AGBank" və "NBC Bank"ın lisenziyaları ləğv edilib

 

Azərbaycan Mərkəzi Bankının (AMB) müvəqqəti inzibatçı təyin etdiyi “AGBank” və “NBC Bank” ASC-lərdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib, müvafiq qiymətləndirmələr aparılıb.

Bu barədə AMB-nin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, “NBC Bank”da aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalını tam itirdiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğunu təsdiq edib, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olub. Bankın riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 milyon manat) qeyri-işlək statusdadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 74 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı müəyyən edib ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif edib.

“AGBank”da da aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyini tam itirdiyini, daha da pisləşdiyini üzə çıxarıb. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə AMB-nin İdarə Heyəti “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank”ın və “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank”ın lisenziyaları ləğv edib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Azərbaycan hökuməti və AMB-nin atdığı addımların əsas hədəfi bütövlükdə bank sisteminin sağlamlaşdırılması və əhalinin maraqlarının, xüsusilə onların banklarda olan əmanətlərinin qorunması və onların banklarda olan əmanətlərinin itirilməsi təhlükəsinin qarşısının alınması və onlardan sərbəst istifadə etmək imkanlarının yaradılmasıdır. Lisenziyası geri alınmış 4 bankda əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir. Bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək.

2020-05-12 / 13:59
Facebook