"2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı platformasında baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin cəsədi tapılıb".
Bu barədə "Neftçilərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "facebook" hesabında yazıb.
"Qafqazinfo"nun məlumatına görə, cəsədi tapılan neftçilər 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu, 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.
Yaxınlarının məlumatına görə, cəsədləri tapılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri üzərində olub.
Qeyd edək ki, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verib. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 12 nəfər işçinin həyatına son qoyub. Hadisə nəticəsində 19 nəfər neftçi itkin düşüb, 32 nəfər isə xəsarət alıb.