Ölkəmizdə karantin rejimi yumşaldılsa da, qaydaların pozulmasına görə cərimələrin tətbiqi davam etdirilir. Buna baxmayaraq bir sıra vətəndaşlar, karantin rejiminin yumşaldılmasından sonra cərimlərin ləğv ediləcəyini düşündükləri üçün bunu ödəmək istəmirlər.
Məsələ ilə bağlı danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov karantin dövründə cərimələrin ödənməsinin məcburi olduğunu deyib. Onun sözlərinə görə, əks halda cəriməsi olan şəxslərə qarşı müvafiq tədbirlər görüləcək:
“Cərimələr yazıldıqdan sonra 40 gün ərzində ödəməyəndə üzərinə faizlər gəlir. İnsanlar cərimələrin sonradan ləğv olunacağını fikirləşirlərsə, yanlış düşünürlər. Cərimələr məcburi qaydada ödətdiriləcək. Cərimə nəqliyyat vasitəsinə yazılıbsa,cərimə meydançasına yerləşdiriləcək, şəxsin özünə yazılıbsa, onların ölkədən çıxışına qadağalar tətbiq olunacaq. Həmin şəxslər məhkəməyə də verilə bilər”.