SMS icazə sistemi yalnız bu ərazilərdə qüvvədə olacaq

 

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarda bildirilib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.
2020-05-01 / 17:47
Facebook