Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Biz birlikdə güclüyük" sosial layihəsi davam edir.
Trend xəbər verir ki, aprelin 28-də layihə çərçivəsində Fondun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri tərəfindən Bakı, Gəncə şəhərlərində, Lənkəran, Masallı və Cəlilabad rayonlarında aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları paylanılacaq.
Ərzaq bağlamaları layihə üzrə istifadəyə verilmiş "bizbirlikdegucluyuk.az" portalına daxil olan müraciətlər əsasında ünvanlara çatdırılıb.
Qeyd edək ki, portalın məqsədi karantin rejimi dövründə aztəmnatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara yardım göstərmək istəyən şəxsləri virtual çəkanda bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
Portala indiyədək 200 mindən çox müraciət daxil olub. Hazırda portalda vətəndaşlardan olan müraciətlərin qeydiyyatı dayandırılıb. Portala əlavə ianələr daxil olduğu təqdirdə, qeydiyyat bərpa olunacaq.
Hazırda müraciətlərin təhlili və sovqatların ünvanlara çatdırılması istiqamətində işlər davam etdirilir.
Bugünüdək RİİB könüllülərinin iştirakı ilə paytaxt və regionlarda 100 mindən çox ailəyə ərzaq bağlaması çatdırılıb. Könüllülər, həmçinin vətəndaşlara pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verir, maarifləndirici materiallar paylayırlar.
Layihənin əsas donoru Heydər Əliyev Fondudur. Aksiyanın əsas dəstəkləyicisi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Pasha Holding" MMC-dir.
Layihəyə bugünədək Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, "Yeni Həyat" Şirkətlər Qrupu, "Kontakt Home" mağazalar şəbəkəsi, "Kristal Abşeron" MTK, "Plane Construction" MMC, "FAB Boya və Kimya Sənayesi" MMC, "Tekfen" şirkəti, "Azəralüminium" MMC, "Fortis" MTK, "Leading Supply Solitions" MMC və "İmproteks" MMC dəstək göstərib.
Sovqatların regionlara çatdırılması və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına "Aqrar Tədarük və Təchizat" ASC, ailələrə təqdim olunmasına isə "Azərpoçt" MMC dəstək verir.