Məlumat verildiyi kimi, karantin rejimi ilə əlaqədar Bakı şəhərinin küçə və prospektlərində nəqliyyat sıxlığının olmamasını və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsini nəzərə alaraq, 21.03.2020-ci il tarixindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti olaraq dayandırılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 27.04.2020 tarixindən karantin rejiminin yumuşaldılması eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır. Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.
Qeyd olunanları nəzərə alaraq, 01.05.2020-ci il tarixindən etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək.