Bakının 150-dən artıq əsas küçə və prospekti dezinfeksiya edilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir.
Şəhər əhəmiyyətli 150-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasına başlanılıb. İşlər qrafik əsasında həm şəhərin mərkəzi, həm də kənar rayonların əsas küçələrində səhər saat 05-00-dan başlayaraq aparılır.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərlin həyata keçirilməsi ilə yanaşı, öz təşəbbüsləri ilə paytaxtın dezindeksiya işlərinə də qoşularaq bu işlərə 8 ədəd xüsusi avtonəqliyyat vasitəsi ayırıb. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin də 3 ədəd texnikası dezinfeksiya işlərinə cəlb edilib.
Eyni zamanda paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, küçələrdə quraşdırılmış dayanacaqlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər aparır. Görülən işlərin xüsusi kimyəvi maddələrlə aparıldığından əməkdaşların sağlamlığının qorunması məqsədi ilə bu işlərdə iştirak edən əməkdaşlar xüsusi qoruyucu geyim, maskalardan əlavə süd və ayranla da təmin olunublar.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.