Hələ də səhər və axşam saatlarında avtobuslarda sıxlıq olur

“Sərnişinlərin hərəkətində məhdudiyyətlərin qoyulmasına baxmayaraq hələ də səhər və axşam saatlarında istər avtobuslarda, istərsə də dayanacaqlarda sıxlıq müşahidə olunur”.

 Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn mətbuat konfransında deyib. Bildirib ki, hazırda müntəzəm xətlərlə yanaşı 7 ekspress xətt də fəaliyyət göstərir:

“1-9 aprel aralığında sərnişin və nəqliyyat axınına nəzər saldıqda görürük ki, metronun fəaliyyəti dayandırıldığı ilk gün, yəni, 1 aprel tarixində 614 mindən çox sərnişin avtobuslardan istifadə edib. 

2-3 aprel tarixlərində bu rəqəm 550-490 min, 4 aprel tarixində 230 min olub. Sərnişin axını ən az bazar günü, yəni 5 aprel tarixində müşahidə olunub. Belə ki, 177 209 sərnişin avtobuslardan istifadə edib. 

6-7 aprel tarixlərində sərnişin axını yenidən artaraq 370-390 min, 8-9 aprel tarixlərində isə 420 min olub.

Sərnişinlər həm gündəlik marşrutlarda, həm də ekspress xətləri ilə daşınıb.

Sərnişinlərdən xahiş edirik ki, mövcud epidemik vəziyyətdə sosial məsafəsini saxlasınlar. Təəssüf ki, insanlar dayanacaqlarda sosial məsafənin saxlanılmasına riayət etmir”.

M. Ağayev daha sonra qeyd edib ki, bu günə kimi sürücülərin sağlamlığı ilə bağlı hər hansı narahatedici məqamla rastlaşmayıblar:

" 65 yaşdan yuxarı sürücümüz yoxdur, səhhətində azacıq bir problemi olan sürücülər də xəttə çıxmır".

 

2020-04-10 / 22:47
Facebook