Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə köməyə ehtiyacı olan insanlara, aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatların paylanılması ilə bağlı "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən başlanılan sosial aksiyaya Yevlax Şəhər İcra Hakimiyyəti də qoşulub.
Aksiya çərçivəsində RİİB könüllüləri və Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, o cümlədən karantin rejimində sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.
Dövlətin pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlərdən razılıq ifadə edən vətəndaşlar göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 20 aprel 2020-ci il tarixədək tətbiq edilən xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, insanların yaxın təmaslarını azaltmaq üçün hərəkət məhdudiyyətləri müəyyən olunub.
"Regional İnkişaf" İctimai Birliyi və Yevlax Şəhər İcra Hakimiyyəti bir daha vətəndaşlarımızı bu həssas dövrdə evdə qalmağa, dövlətin müəyyən etdiyi karantin rejimi qaydalarına ciddi riayət etməyə çağırır.