“Dünyada artıq koronavirusa yoluxanların sayı 600 minə çatıb. Bu rəqəm dayanmadan artır”.
Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov ATV-nin canlı efirində çıxışı zamanı deyib. O bildirib ki, həm dünya ölkələri üzrə, həm də Azərbaycanda koronavirusla bağlı yoluxma hallarının sayında artım var:
“Təəssüf ki, bu virusa yoluxma halları Azərbaycanda da müşahidə olunur. Qeyd edim ki, son günlərdə də ölkəmizdə koronavirusa yoluxan şəxslər müəyyən olunub. Bu çox mühüm məsələdir. Bu gün dünya ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət nisbətən yaxşıdır. Ölkə üzrə koronavirusun müəyyənləşdirilməsi istiqamətində aparılan testlərin, karantinə alınan vətəndaşların sayı artır. Bu müsbət haldır. Bu imkan verir ki, xəstəliyə yoluxma hallarının qarşısı alınsın.
Artıq ölkədə koronavirusa yoluxanların sayı 200 nəfərə yaxınlaşmaq üzrədir. Təəssüf ki, ağır və orta ağır xəstələrimizin də sayı artır. Bu gün səhiyyə işçilərinin çiyinlərinə ağır yük düşür. Həkimlərimizin mövcud vəziyyətə daim hazır olması bizi sevindirir. Eyni zamanda, Azərbaycan öz növbəsində Çin, İtaliya və İspaniyanın da koronavirusla mübarizə istiqamətində aparılan təcrübələri də araşdırmağa davam edir”.