Əli Əsədov: Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək

 

Hazırda digər ölkələrlə müqayisədə ölkəmizdə koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər nəticəsində vəziyyət yaxşıdır.

Bunu martın 26-da Nazirlər Kabinetində Operativ Qərargahın növbəti iclasında Baş Nazir Əli Əsədov bildirib.

Baş Nazir bildirib ki, xüsusi karantin rejiminin tələblərinə və sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir və rejimin tətbiqi üzərində nəzarət gücləndirilməlidir.

"Bütün şəhər və rayon icra hakimiyyətlərinin rəhbərlərinə ən vacib tapşırıq ondan ibarətdir ki, karantinin şərtləri sözsüz icra olunmalıdır və yaşından, vəzifəsindən asılı olmayaraq, heç bir imtiyaza baxmayaraq hamı buna əməl etməlidir. Qərargahın tələbləri tam şəkildə icra olunmalıdır. Qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək".

Qeyd edək ki, iclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xətlərə zəng etmək ciddi tövsiyə olunub.

2020-03-26 / 23:20
Facebook