DSX: Sərhədçilərimizə silahlı müqavimət göstərən iki sərhəd pozucusu öldürülüb

Martın 19-u saat 22:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb və xid­məti əra­zi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cuları təqib edilib. Havaya xəbərdarlıq atəşi açıl­sa da, sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və hər 2 sərhəd pozucusu zərərsizləşdirilib. Sərhəd pozucu­larının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı ta­pança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub.

Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitə­lər aşkarlanıb.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılıblar.

İran İslam Respublikasının sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd po­zucularının İran vətəndaşları olmaları müəyyən edilib.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış ke­çirib. Dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar verib, silahlı sərhəd pozu­cularının zərərsizləşdiril­mə­sində və narkotik qaçaqmalçılığının qarşısı­nın alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif edilib. “Novruz” bayramı münasibətilə Azərbaycan Respubli­kasının Pre­­zi­denti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əli­ye­vin Azərbaycan xalqına ünvanladığı təbrik sözlərini sərhəd zasta­va­sının şəx­si heyətinə çatdırıb və bu bayram münasi­bətilə təbrik edib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Xatırladaq ki, 2019-cu ilin 10 mart tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd pozucuları ilə atışmada kiçik çavuş Səxavət Fizuli oğlu Məmmədov həlak olmuşdu. DSX-nin rəsmi məlumatında onun həyatına son qoymuş atəşin “Vinçester” tipli tüfəngdən açıldığı bildirilirdi. Bu baxımdan zərərsizləşdirilmiş sərhəd pozucusunun sərhədçi əsgərin qatili olması ehtimalı mövcuddur.

 
2020-03-21 / 13:23
Facebook