Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.
Tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar. Qeyd edək ki, bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.
Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.