Pakistan İslam Respublikasının Əsğər Xan Hərbi Hava Qüvvələri Akademiyasında təhsil alan Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) pilotlarının buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Pakistan İslam Respublikasındakı Hərbi Attaşe Aparatı nümayəndələri, akademiyanın komandanı aviasiya vitse-marşalı Həmid Rəşid Randhava və Uçuş Təlimatçıları Məktəbinin rəsmiləri iştirak ediblər.
Mərasimdə çıxış edən aviasiya vitse-marşalı H.Randhava məzunları təbrik edərək ölkələrimizin HHQ arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.
Ölkəmizin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov pilot hazırlığı proqramı çərçivəsində Azərbaycan zabitlərinə göstərilən köməkliyə görə qarşı tərəfə Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkürünü bildirib.