İctimai nəqliyyatda 40-dək sərnişinə qarşı cibgirlik edən şəxs cinayət məsuliyyətinə cəlb olunub

 

 

Xətai Rayon Polis İdarəsinin əməkdaşları sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81, 12, 46 və digər marşrutlar üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub. F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanıldığı günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. F.Kərimovun Xətai, eləcə də paytaxt ərazisində başqa analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.

2020-02-19 / 14:29
Facebook