17 saylı Yasamal üçüncü seçki dairəsindən qeydə alınmış namizəd Cavad Cavadov Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
O qeyd edib ki, C. Cavadov müraciətində iddia edib ki, həmin dairədən qeydə alınmış namizəd Elnur Marat oğlu Allahverdiyevin başqa dövlət qarşısında öhdəliyi var. İddia edilib ki, E. Allahverdiyev Sloveniya Respublikasının Azərbaycanda fəxri konsuludur. Bu da başqa dövlət qarşısında öhdəlik yaratdığı üçün Azərbaycan Konstitusiyasına ziddir. Beləliklə, ərizəçi iddia edir ki, onun namizədliyi ləğv olunmalıdır.
R. İbrahimov qeyd edib ki, araşdırma zamanı ərizəçi telefona cavab verməyib.
Müraciətlə bağlı ekspert qrupumuz Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərib. Nazirliyin Dövlət Protokolu İdarəsindən bizə verilən qərara əsasən, Elnur Allahverdiyevin fəxri konsul vəzifəsi 29 dekabr 2019 tarixində bitib. Sloveniya Konsulluğu Xarici İşlər Nazirliyinə də rəsmi nota ilə müraciət edib ki, E. Allahverdiyevin fəxri konsul vəsiqəsinin etibarlılıq müddəti həmin tarixdə bitib və fəaliyyəti dayandırılıb. Həmçinin Sloveniyanın Türkiyədə səfirliyi də namizədin öhdəliyinin olmadığı barədə məlumat verib.
Qeyd edim ki, namizədin fəxri konsul statusu ləğv edildikdən sonra onun namizədliyi qeydə alınıb. Bunları nəzərə alaraq Cavad Cavadovun şikayəti əsassız hesab edilərək təmin edilməyib.