General Vilayət Eyvazova hesabat verdi

 

 

Yanvarın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Hesabat dövründə paytaxtda cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmək üçün söz Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova verilib. 

Məruzəçi bildirib ki, ötən il paytaxtda ümumilikdə 11min 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlmuşdur. 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3,  az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.

Cinаyətlərin prоfilаktikаsındа və аçılmаsındа müаsir infоrmаsiyа tехnоlоgiyаlаrının tətbiqinin böyük əhəmiyyətini qeyd edən Baş İdarə rəisi, “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 5 minə yaxın hadisənin aşkarlаndığını, kameraların arxiv görüntülərindən istifadə edilməklə 278 bağlı cinayətin açıldığını bildirib.

İl ərzində 34 soyğunçuluq və quldurluq cinayəti törətmiş 78 nəfərdən ibarət 33 qrupun, eləcə də,95 mənzildən  oğurluq edən 131 nəfərdən ibarət 57 cinаyətkаr qrupun ifşa olunduğunu nəzərə çatdıran M.Seyidov, nаrkоtiklərlə bаğlı aşkar olunan 1.244 fakt üzrə  372 kiloqramdan çox müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını, istintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara dəymiş maddi ziyanın isə 94,7 faizinin ödənilməsini təmin etdiyini vurğulayıb.

Məruzə ətrafında çıxış edən Bakı şəhər BPİ-nin aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunmuş müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə yol verilən bəzi nöqsan və çatışmazlıqlara da toxunaraq, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər. 

Müşavirəyə yekun vuran Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib.

Konkret tapşırıq və tövsiyələrini verən nazir, Bakı şəhər BPİ-nin, eləcə də, onun aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəhbər heyətindən 2020-ci ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının daha da qətiyyətlə alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.

2020-01-17 / 15:40
Facebook