20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində Türkiyə Böyük Millət Məclisində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” adlı guşə təşkil edilib.
Guşədə Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablar sərgilənib. Onların arasında Sabir Şahtaxtının “Soyqırımdan Xocalıya”, “Böyük Ermənistan xülyası: faktlar və sübutlar”, Kəbutər Haqverdinin “O gecə qar qan rəngindəydi” əsərləri və digər nəşrlər olub.
Azərbaycan diasporunun fəalları Samir İsgəndəroğlu, Mehriban Paşayeva, Vəfa Aktuz və Sara Zeynalova nəşrlər barədə ziyarətçilərə ətraflı məlumat veriblər. Sərgini ziyarət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, sabiq baş nazir Binəli Yıldırıma, Türkiyə Parlamentinin sədri Mustafa Şentopa, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalıya, digər fraksiya rəhbərlərinə və millət vəkillərinə kitablar hədiyyə olunub.
“Dünyada sülh: Qarabağ - Azərbaycandır!” adlı sərginin təşkil olunmasında məqsəd - Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesinə töhfə verməkdir. Soydaşlarımız bu layihəni Türkiyənin ali təhsil müəssisələrində, mədəniyyət mərkəzlərində və qalereyalarında da həyata keçirmək niyyətindədirlər.