Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 19 dekabrda 100 yaşı tamam olan rayon sakini Bağırova Sonaxanım Məmmədbağır qızını yaşadığı evdə ziyarət edib.
Sonaxanım nənə ilə görüşdə icra başçısı bildirib ki, cəmiyyətin inkişafında danılmaz xidmətləri olan veteranlara, ahıllara həmişə yüksək qiymət verilib: “2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyevin 2006-cı il aprelin 17-də təsdiq etdiyi “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” ulu öndərin siyasətinin uğurla davam etdirilməsinin daha bir təzahürü oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın ahıl insanlarla bağlı gerçəkləşdirdiyi ardıcıl tədbirlər cəmiyyətdə böyük razılıqla qarşılanır”.
1919-cu ildə doğulan Sonaxanım nənə icra başçısı Elşad Həsənovla söhbət edərkən bildirib ki, “Sovetski” adlanan bu ərazidə, Süleyman Rəhimov küçəsi 7 nömrəli evdə dünyaya göz açıb, hazırda yaşadığı Şamil Əzizbəyov küçəsi dalan 9, 7 nömrəli evə gəlin köçüb və 84 ildir ki, burada yaşayır. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən nənə bildirib ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır: “Düzdür, ömrü verən Allahdır, amma gərək sən də özünü gözləyəsən. Ailədə söz-söhbət də olar, amma gərək bir-birinizi eşidəsiniz, başa düşəsiniz”. 4 oğul, 3 qız övladı, 22 nəvə, 44 nəticə, 1 kötükcəsi olan Sonaxanım nənə “Qəhrəman Ana” ordeninə layiq görülüb. 1956-cı ildə ömür-gün yoldaşını itirdikdən sonra, övladlarına həm ata, həm də ana olub. Nənənin gənclərə tövsiyəsi də var: “uzunömürlülüyün əsas sirri düzgün qidalanma və insanın daim hərəkətdə olmasındadır”.
Yasamal rayonunun 100 yaşlı ahıl sakini Sonaxanım Bağırovaya Yasamal rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.