“Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunub. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar”.
Bu sözləri Prezident İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən deyib.
Dövlət başçısı yeni simalara ehtiyac olduğunu vurğulayıb: “Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır. Ona görə biz bunu başa düşməliyik. Nəsillər arasındakı anlaşılmazlıq hər bir cəmiyyətdə var. Amma bizim cəmiyyət mühafizəkar cəmiyyətdir, konservativ cəmiyyətdir və ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətdir. Biz, əlbəttə, imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin. Ona görə, mən demişəm və mən gəncləri işə fəal cəlb etməyə başlayanda, gördüm ki, yaşlı nəslə qarşı elə bil hansısa bir kampaniya aparılır. Onu da mən dayandırdım. Çünki yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək”.