Müdafiə naziri Zakir Həsənov Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə görüşüb

 

Noyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi general-polkovnik Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan general-polkovnik Zakir Həsənov Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirdiyini qeyd edib. Nazir bildirib ki, bu, bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir.

Terrorçuluqla mübarizədə Türkiyə xalqının rifahı uğrunda şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyən Müdafiə naziri separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəklədiyini diqqətə çatdırıb.

Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparıldığını qeyd edib. Nazir dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının daim inkişaf etdiyini xüsusi vurğulayıb.

General-polkovnik M.Gürak ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan və Türkiyə hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib.

Ölkələrimizin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2019-11-05 / 16:01
Facebook