“Məktəbdə təhsil yüksək səviyyədə olanda repetitor yanına getmək əlavə vaxt itkisindən başqa bir şey deyil”.
Bu sözləri “Qafqazinfo”ya heç bir hazırlığa getmədən 679.5 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş Almaz Zeynallı deyir. Neftçala rayonu Xıllı qəsəbəsindən olan Almazın sözlərinə görə, təhsil aldığı Biləsuvar rayonu Mübariz İbrahimov adına Bağça - Məktəb - Lisey Kompleksinin bütün məzunları bu il tələbə adını qazana bilib:
“Məktəb illərində keçilən bütün fənlərə marağım olub. Bundan başqa, fənn olimpiadalarının respublika mərhələsində coğrafiya fənni üzrə 2017-ci ildə qızıl, 2018-2019-cu illərdə gümüş medala layiq görülmüşəm. Bu dərəcələr mənə imkan verirdi ki, universitetə imtahansız qəbul olum. Ancaq uzun illər hazırlaşdığım üçün özümü sınamaq istədim və imtahanlarda iştirak etdim. Qəbul imtahanına hazırlaşarkən heç bir repetitor yanına hazırlığa getməmişəm. Liseyimizdə dərslər yüksək səviyyədə keçirilirdi, əlavə müəllim yanına getmək vaxt və enerji itkisi olardı sadəcə.
Düzünü desəm, dayanmadan gecə-gündüz oxumamışam, sadəcə, mənə lazım olanları yaxşı oxuyub öyrənmişəm. Hazırlaşdığımız müddətdə toydan, ad günündən məhrum olmaq normal haldır. Ancaq unutmamalıyıq ki, istirahət də vacibdir.
Çox əziyyət çəkmişəm, ancaq düşünürəm ki, hamısına dəyər. Prezident təqaüdçüsüyəm. İqtisad Universitetinin Biznesin idarə edilməsi ixtisasına qəbul olmuşam. Hazırda 210 manat Prezident təqaüdü, 100 manat universitetin ayırdığı təqaüdü, 130 manat əlaçı təqaüdü, ümumilikdə 440 manat aylıq təqaüd alacam”.
Bu il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 8 prezident təqaüdçüsü qəbul olub ki, onlardan da 7-si bir qrupda təhsil alır. Hətta söhbətləşdiyimiz Seyidbəyim Hüseynova və Nərmin Hüseynova repetitor yanına getməyib bu təqaüdü qazananlardandır. Seydbəyim Moskva şəhərində anadan olub və atası vəfat etdikdən sonra təhsilini Göyçay rayonu 1 nömrəli tam orta məktəbdə davam etdirib. Builki ali məktəblərə qəbul imtahanlarında 680.2 bal toplayan tələbə rayon birincisi olub:
“Son illər cəmiyyətdə bir fikir də formalaşıb ki, repetitor yanına getmədən ali məktəbə qəbul olunmaq mümkünsüzdür. Düşünürəm ki, bu, yanlış və eyni zamanda ali məktəbə qəbul olmaq istəyənləri ruhdan salan bir fikirdir. Əslində repetitor yanına getmədən belə ali məktəbə qəbul olmaq olar. Planlaşdırılmış şəkildə oxumaq və istirahətə də vaxt ayırmaq vacibdir.
Prezident təqaüdünə layiq görülmüşəm, bir gənc üçün bundan gözəl nə hədiyyə ola bilər?”
Onun qrup yoldaşı Nərmin Hüseynova isə yaz imtahanında respublika birincisi olub:
“687.3 balla Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakültəsinə daxil olmuşam. Yatmadığım gecələr də olub, ancaq bacardığım qədər istirahətimə də vaxt ayırmışam. Sadəcə olaraq hər dərsi vaxtında oxumaq lazımdır. Gecə gec saatlara kimi oxumağın elə bir faydası yoxdur. Tez yatıb səhər tez oyanıb oxumaq daha əlverişlidir. Yaz imtahanında respublika birincisi olduğumdan Prezident təqaüdü alacağımı gözləyirdik. Ancaq yenə də çox sevindim. Bu, mənim üçün əlavə stimul idi”.