Bilal Dündar: Soğoman Tehliryana Yerevanda abidənin ucaldılması ümumtürk düşmənçiliyinin davamıdır

 

 

Birinci Dünya müharibəsi dövründə düşmənlərimizlə əlbir olaraq Osmanlı dövlətinə xəyanət edən ermənilər sonrakı illərdə qəhrəman övladlarımızı qətlə yetirdilər. Dövlət və siyasi xadimlərimiz məqsədli şəkildə erməni terrorunun hədəfinə çevrildi. Bütün bunlar azmış kimi dünya ictimaiyyətini aldatmaq üçün dondan-dona girdilər. Özləri haqqında “əzabkeş” obrazı yaratmağa çalışdılar.

Bu fikirləri açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib.

Osmanlı dövlətinin Baş Naziri Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidənin ucaldılmasını ümumtürk düşmənçiliyinin davamı kimi dəyərləndirən B.Dündar diqqətə çatdırıb ki, sözügedən abidənin quruluşunda Tələt Paşanın şəxsiyyətinin təhqir olunması, əslində müasir dünyada bütün humanizm prinsiplərinə qarşı bir həqarətdir. Dərnək sədri qeyd edib ki, Tələt Paşanın qətlindən təxminən 100 il sonra belə bir abidənin ortaya çıxması bir daha təsdiq edir ki, dünyadakı havadarlarına güvənən ermənilər bizimlə sülh şəraitində yaşamaq niyyətindən çox uzaqdırlar. Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox azərbaycanlının öz dədə-baba yurdundan didərgin salınması bu düşmənçiliyin nümunələrindəndir. Azərbaycanın işğal altında olan torpaqları azad edilməyənə, təcavüzkar Ermənistan tərəfi Xocalı soyqırımını tanımayana qədər Ermənistanla sülh məsələsi Türkiyədə mövzu ola bilməz.

2019-09-26 / 13:30
Facebook