"1993-cü ildən Azərbaycanda milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür. Siyasi partiyalar cəmiyyətin institutlarıdır. Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatları, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, şöbə müdiri Əli Həsənov ötən gün baş tutan "Azərbaycan siyasətinə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən tədbiri şərh edərkən deyib.
Əli Həsənov bildirib ki, hakimiyyət milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndirir: "Bunun alternativini görmürük. Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir. Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Dünən də belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm xarici siyasətlə bağlı dialoq masasında müzakirələr aparıla bilər".