Atəşkəsin pozulması nəticəsində yaralanan əsgərin müalicəsi davam edir

 

Ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsin pozulması nəticəsində güllə yarası alan 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlunun müalicəsi davam edir.

Bu barədə Babayev Adilin özü məlumat verib. Onun sözlərinə görə, ağır əməliyyat olunmasına baxmayaraq, hər şey uğurlu keçib və müalicəsi uğurla davam etdirilir:

"Şükürlər olsun ki, sağalıram. Güllə yarası aldığım gün 4 saatdan artıq əməliyyat olundum. Sağ ayağımda şah damar zədələnmişdi, bu səbəbdən damar dəyişikliyi olundu. Hər iki ayağımda qəlpə yaraları var, hazırda yaralarımın birləşməsini gözləyirəm".

Xatırladaq ki, avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.
2019-09-05 / 15:37
Facebook