Türkiyə erməniləri Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində təşkil etdikləri və avqustun 5-də açılışı olan “panerməni oyunlarına” qatılmaqdan imtina edib.
Həmin oyunlara qatılmağa hazırlaşan 300 nəfərlik heyət yarışların Yerevanda deyil, işğal altındakı Dağlıq Qarabağda keçiriləcəyini öyrənən kimi boykot qərarı veriblər. Və Yerevandakı otel və bilet rezervasiyalarını ləğv ediblər.
1999-cu ildən etibarən hər dörd ildən bir təşkil olunan “panerməni oyunları” indiyə qədər Yerevanda keçirilirdi və Türkiyə erməniləri də həmin yarışlara qatılırdı. Lakin bu dəfə oyunların Yerevanda nəzərdə tutulduğu halda Dağlıq Qarabağda keçirilməsi Türkiyə erməniləri tərəfindən etirazla qarşılanıb.
“Şişli” və “Taksimspor” idman klubarından 70 həvəskar idmançı da daxil olmaqla 300 nəfərdən ibarət olan Türkiyə erməniləri heyəti son anda bu yarışlara qatılmamaq qərarı verub. Erməni Olimpiadaları İstanbul Komitəsi başqanı Hayqaram Karasu “Milliyet” qəzetinə açıqlamasında belə deyib:
“Olimpiadanın Yerevan əvəzinə Qarabağda keçirilməsi canımızı sıxdı. 70 idmançı olmaqla 300 nəfərlik heyətlə Yerevanda rezervasiyalarımızı etdirmişdik. Bu ilki açılış mərasimi üçün geyimlərimizi belə hazırlatmışdıq. Ancaq Ermənistan Olimpiya Komitəsinin qərarı bizim mövqeyimizə uyğun gəlmədiyindən turnirlərə qatılmamaq qərarı aldıq”.
Hayqaram Karasu deyib ki, Dağlıq Qarabağın seçilməsi siyasi qərardır. O, hər dəfə Yerevanda keçirilən oyunlara qatılaraq İstanbulu təmsil etdiklərini xatırladıb. Bildirib ki, Türkiyə ilə Azərbaycan arasında diplomatik böhrana yol aça bilən bir bölgədə idman yarışları təşkil etmək artıq idman fəaliyyəti olmaqdan çıxır və siyasi addımdır.
“Bizlər də bu ölkənin vətəndaşlarıyıq və müəyyən cizgilərimiz var. Azərbaycanlı dostlarımızı məyus edən diplomatik problem varsa biz bu işin içində olmarıq. Türkiyə vətəndaşları olaraq Qarabağa getməyin yanlış olduğunu düşünürük”,-o bildirib.
Erməni Olimpiadaları İstanbul Komitəsinin üzvü, “Taksimspor” klubunun başqanı Garo Hamamcıyan isə deyib ki, onlar boykot qərarını hansısa təzyiq və ya xəbərdarlıq nəticəsində verməyiblər. “Tamamilə öz seçimimizdir və bu yarışlara qatılmaqdan imtina etdik. Qarabağ məsələsi həssas məsələdir. Olimpiadaların gözəlliyi onun rəsmi keçid mərasimidir. Bizə dedilər ki, rəsmi keçid mərasiminə qatılmayın, amma oyunlarda iştirak edin. Bu da qəbuledilməzdir”,-Hamamcıyan əlavə edib.
Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramil Qurbanov da məsələyə münasibət bildirib. Deyib ki, işğal altındakı ərazilərdə bu kimi tədbirlərin keçirilməsi beynəlxalq hüquqa ziddir. “Əgər Türkiyədən iştirak edən olsaydı bu Türkiyə-Azərbaycan münasibətlərinə qarşı təxribat kimi dəyərləndirilərdi”,-o deyib.
Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev isə deyib ki, Ermənistanın yarışları Qarabağda keçirməsi idmanın siyasətə alət edilməsidir. Bu isə həm Azərbaycan, həm Türkiyə tərəfindən qəbuledilməzdi.
“Türkiyədəki erməni vətəndaşların yarışlara qatılmamas doğru addımdır. Amma istəsələr də Qarabağdakı yarışlara qatıla bilməzdilər. Türkiyənin buna imkan verməyəcəyini bilirdilər. Dağlıq Qarabağ XİN tərəfindən Türkiyə vətəndaşlarının səyahəti üçün bağlı elan edilən ərazidir. Bu qadağaya baxmayaraq gedən olsaydı qanunlar çərçivəsində cəzalanardı. Ermənistanın təxribatına qarşı Türkiyədəki erməni vətəndaşlarının həssas davranması müsbət haldır”,-baş konsul deyib.