Rusiyalı deputat: "Nikol Paşinyanın bəyanatı həm Rusiyaya, həm də dünya birliyinə qarşı yönəlib"

 “Başqa ölkənin ərazisinin işğalı ilə münaqişəni dinc yolla həll etmək çağırışları bir araya sığmır”.

Bunu “Report”un Rusiya bürosuna verdiyi eksklüziv müsahibəsində Rusiya Dövlət Dumasında Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarına gəlib hədələyici bəyanat verməsini şərh edərkən söyləyib.

“Ola bilsin, bu populist bəyanat Ermənistan əhalisinin diqqətini çətin iqtisadi vəziyyətdən yayındırmaq cəhdidir. Lakin regionda kövrək sülhün pozulması daha ağır itkilərə gətirib çıxara bilər, buna yol vermək olmaz. Bu regiona hərbi və siyasi təlatümlər yox, uzunmüddətli sabitlik lazımdır”, - deyən D.Savelyev Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb:

“Rusiya da Cənubi Qafqazda vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün danışıqlar prosesini ardıcıllıqla irəli aparan ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Beləliklə, Ermənistan baş nazirinin bu çıxışını həm Rusiyaya, həm də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dünya birliyinə qarşı bədniyyətli həmlə kimi dəyərləndirmək olar”.

“Ermənistanı davakar bəyanatları qırağa qoyub danışıqlar masasında daha konstruktiv mövqe tutmağa çağırıram. Həm erməni, həm Azərbaycan xalqı eyni dərəcədə sülh və əmin-amanlığa, firavanlığa, səmərəli iqtisadi inkişafa möhtacdır”, - rusiyalı deputat əlavə edib.

 

2019-08-08 / 22:21
Facebook