Ermənistan hakimiyyətinin aqressiv ritorikasının güclənməsi ekspertlərin diqqətindən yayınmayıb.
“PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov məsələ ilə bağlı daha əvvəl bildirmişdi ki, Nikol Paşinyanın başçılıq etdiyi indiki Ermənistan hakimiyyəti ölkədəki iqtisadi problemlər fonunda münaqişə zonasında vəziyyəti bilərəkdən kəskinləşdirir.
V.Arkov sözügedən mövzu ilə bağlı Media.az-ın suallarını cavablandırıb.
- Hazırda Ermənistanda nə baş verir, nəyə görə hərbi ritorika güclənir?
- Paşinyanın sələfləri son 20 ildən bir az artıq müddət ərzində Ermənistan cəmiyyətini Azərbaycana qarşı əhval-ruhiyyə ilə kökləyib. Və Paşinyan hakimiyyətə gələndə ümid var idi ki, o, “Qarabağ klanı” ilə əlaqəsi olmadığına və liberalyönümlü insan olduğuna görə, gözlənildiyi kimi, gərginliyi azaltmaq siyasətinə başlayacaq.
Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri zamanı verdiyi bəyanatlar və ilk görüşləri bunu təsdiq edirdi. Lakin biz indi başqa mənzərə görürük. Bunun da izahı var. Paşinyanın bütün bu hərbi ritorikası daxili auditoriyaya yönəlib.
Paşinyanın və komandasının vədlərinə baxmayaraq, ölkədə sosial-iqtisadi vəziyyət pisləşir. Hələ orta əsrlərdən məlumdur ki, belə olan halda öz uğursuzluqlarının səbəbini xarici düşmənlərdə axtarmaq, bəzən isə müharibəyə başlayaraq iqtisadiyyatdakı bütün problemləri müharibənin üzərinə atmaq lazımdır.
Başqa bir məqam da var. Moskva və Nur-Sultan (keçmiş Astana) Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi üzrə iş aparır. Söhbət ərazilərin tədricən, əvvəlcə işğal olunmuş yeddi və ya beş rayonun qaytarılmasından gedir. Lakin biz bilirik ki, “Paşinyan layihəsi” Qərb yönümlüdür. Qərb isə Rusiya və Türkiyənin Qafqazda güclənməsini istəmir. Əgər Yerevan əraziləri qaytarsa, burada Ankaranın da xidməti olacaq. Mən indi Bakını demirəm, çünki bu, onsuz da aydındır.
Qərb, ABŞ Gürcüstana nəzarət edir, Azərbaycan isə Prezident İlham Əliyevin düzgün mövqeyi sayəsində neytrallığını qoruyur. Ermənistanı İran və Rusiyadan uzaqlaşdırmağa çalışırlar. Paşinyanın siyasəti bir çox hallarda okeanın o tayından verilən tapşırıqlara əsaslanır.
- Bu arada, Yerevandan sərt bəyanatların sayı artır, saytımız da bu barədə tez-tez yazır...
- Başqa cür ola bilər? Ermənistanda “yumşaq” bəyanat verəcək istənilən siyasətçi öz siyasi karyerası ilə vidalaşa bilər.
- Elə isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqları necə davam etdirmək lazımdır?
- Danışıqlar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan, eləcə də xarici işlər nazirləri arasında gedir. Formatdankənar verilən bu bəyanatlara əhəmiyyət verməyə dəyməz, əlbəttə ki, əgər bu sözlər atəş açılmasına gətirib çıxarmırsa. Rəsmi Yerevanın fəaliyyətinə baxmaq lazımdır.
Hələ Ermənistanın Qarabağla birləşdirilməsi (“miatsum”) ssenarisi var. Lakin bu, indiki danışıqların dayandırılması anlamına gəlir. Dağlıq Qarabağ tanınmamış tərəf kimi danışıqlardan kənardadır. “Miatsum” isə danışıqlar formatının dəyişdirilməsi deməkdir, yəni hər şeyin üstündən xətt çəkiləcək.
- Belə olan halda bir variant - güc variantı qalır, elədirmi?
- Yerevan buna da istiqamətlənib. Yerevanın bütün bəyanatları, qoşunların təmas xəttindəki bütün təxribatları Azərbaycanı cavab tədbirlərinə sövq etməyə yönəlib. Ermənistanda isə bunu aqressiya adlandıracaqlar.
Yerevana hazırda irimiqyaslı olmayan, 2016-cı ilin Aprel döyüşləri tipində müharibə çox lazımdır. Ermənistan tərəfi yenidən özünü qurban elan edəcək. Paşinyan üçün isə bu, xilas variantıdır.