"Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir".
Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramının açılış mərasimində deyib.
O bildirib ki, dövlət sektorunda innovasiyalar dünya üçün yeni bir sahədir: "Bu günə qədər "ASAN Xidmət"ə 30 milyondan çox müraciət daxil olub. Bu da o deməkdir ki, "ASAN xidmət" milyonlarla insana xidmət edir. Müasir texnologiyalar sürətlə inkişaf edir. Bəzi inkişaf etmiş ölkələrdə süni intellekt tətbiq edilir. Azərbaycan da bu sahədə geridə qalmayıb, ölkəmizdə hazırda bu istiqamət inkişaf edir. Hazırda 10 ölkədə "ASAN Xidmət" modelinin tətbiqi ilə bağlı ciddi işlər aparılır və sazişlər imzalanır".
Ü.Mehdiyev vurğulayıb ki, Azərbaycan artıq innovasiyaların dövlət sektorunda tətbiqinə başlamağa çalışan və buna maraq göstərən ölkələr arasında ön sıralardadır: "Hələ bir çox ölkələr dövlət xidmətləri sektorunda inovasiyaların tətbiqinə başlamayıb və yaxud, bu, çox az səviyyədədir. Hələ ulu öndər Heydər Əliyevin vaxtında elektron xidmətlərin yaranması ilə bağlı fərman və sərəncamlar imzalanıb. Sonralar bununla bağlı Dövlət Proqramı qəbul edilib. Bu gün MY gov artıq praktik xidmətlərə keçən platformaya çevrilib. Bu, vətəndaşların rifahının yüksəlməsində böyük rol oynayır".