Bakı Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlaşır - VİDEO

 

 

Ölkəmizdə Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının açılış günü yaxınlaşdıqca, tədbirlə bağlı hazırlıq işlərinin miqyası da genişlənir.

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyir ki, hazırlıqlarla bağlı hər şey plan üzrə gedir.

Ölkəmizdə keçirilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarından fərqli olaraq, bu dəfə daha sadə və daha kiçik tutumlu stadionlara üstünlük verilib. Belə ki, 4 yeni idman zalı atletlərin ixtiyarına verilib. Açılış mərasiminin keçiriləcəyi Bakı Kristal Zalı və yarışların baş tutacağı bütün idman komplekslərində kosmetik təmiri başa çatıb. Atletlər kəndində son tamamlanma işləri aparılır: “Atletlər kəndində akkreditasiyadan keçmiş 3830 nəfər qonağın saxlanması üçün bütün şərait yaradılıb. Onlardan 2900 nəfəri idmançılardır. İdmançılar 14-18 yaşlarında olan atletlərdir. Atletlər kəndində yaşayışla bağlı minimal şərtlər var ki, biz onu yerinə yetirməliyik. Burada 7 binanı atletlərin ixtiyarına verəcəyik. Birinci mərtəbədə 1500 idmançını qəbul edən, 24 saat isti yeməklə təmin edilən yeməkxana, tibb məntəqəsi, idmançıların öz boş vaxtlarını keçirmək üçün əyləncə zonaları yaradılıb”.

Elçin Səfərovdan onu da öyrəndik ki, ötən illərdə keçirilən yarışlar zamanı qazandıqları təcrübələr bu gün onların köməyinə çatıb. Ötən yarışlardan fərqli olaraq, bu festival zamanı yalnız yerli mütəxəssislərin bilik və bacarıqlarından istifadə olunur. Eyni zamanda yarışlar zamanı istifadə ediləcək avadanlığın əksəriyyəti bundan öncə keçirilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarında istifadə edilən avadanlıqdır. Hətta bir sıra idman arenalarının ötən yarışlarda tikilib istifadəyə verilməsi də həm maddi, həm də fiziki baxımdan bu festivalın təşkilinin yükünü azaltmış olur. Artıq 4 ildir istifadəyə verilən Bakı Su İdmanı Sarayı da bu qəbildəndir: “Bakı Su İdmanı Sarayında yarışlara hazırlığın son tamamlanma işləri həyata keçirilir Biri əsas, ikisi yardımçı olmaqla 3 su hovuzu atletlərin ixtiyarına veriləcək”.

Avropa Gənclər Yay Olimpiya Festivalının tarixinə nəzər salsaq, deyə bilərik ki, ilk oyunlar 1991-ci ildə Belçika Krallığının paytaxtı Brüsseldə keçirilib. İki ildə bir dəfə Avropa Olimpiya Komitələrinə üzv olan dövlətlər arasında baş tutacaq festivalın XV yarışları Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 50 ölkədən 4 minə yaxın idmançı və texniki heyət gələcək. Yığmamız yarışlarda 122 atletlə təmsil olunacaq. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar: “Açılış və bağlanış mərasimlərinin sadə, amma olduqca maraqlı keçirilməsi nəzərdə tutulur. Əvvəlcə atletlərin paradı keçiriləcək, sonra yerli musiqiçilər çıxış edəcək. Ötəndəfəki yarışlardan fərqli olaraq, açılış və bağlanış mərasimləri üçün biletlərin qiyməti 15 manat təşkil edir. Oyunlara giriş isə pulsuzdur”.

Yarışları izləmək istəyən şəxslər yalnız şəxsiyyət vəsiqəsi ilə bilet satılan köşklərə yaxınlaşıb, pulsuz bilet əldə edə bilərlər. Bir tamaşaçı pulsuz ən çox dörd bilet ala bilər. Biletsiz stadionlara gələn şəxslər içəri buraxılmayacaq. Hazırda biletlərin 60-62 faizi satılıb. Ötən illərdə keçirilən beynəlxalq yarışlardan fərqli olaraq, bu yarışlar zamanı tamaşaçıların stadionlara qida məhsulları ilə gəlməsinə icazə veriləcək. Hətta plastik qablarda su keçirilməsi də qadağan edilməsə də, bu tip məhsullar arenaların nəzarət-keçid məntəqələrində yoxlanılacaq.  

Yarışları işıqlandıracaq xarici media qurumlarına gəlincə... Müsahibimiz deyir ki, təxminən 200-dən artıq əcnəbi jurnalist akkreditasiyadan keçib. Öz hesabına Bakıya gələcək əcnəbi jurnalistlər burada həm yarışları rahat şəkildə işıqlandıra biləcək, həm də bir sıra mədəni-əyləncəli tədbirlərdə iştirak etmək şansı qazanacaqlar. Yayım məsələsi ilə bağlı korporativ direktor bildirdi ki, yarışların yayım hüququ AzTV-yə aiddir və kanal vasitəsilə həm birbaşa, həm də onlayn şəkildə sərbəst yayımlanacaq.   

Əməliyyat Komitəsi bununla yanaşı, bir sıra qurumlarla da əməkdaşlıq edir. Xüsusilə ölkənin güc strukturları, AZAL, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Mədəniyyət və Səhiyyə nazirlikləri festivalın uğurla baş tutmasına dəstək verəcəklər: “Təkcə avtobuslar deyil, həm də xüsusi təyin edilmiş pulsuz taksilər də fəaliyyət göstərəcək. Üzərində xüsusi loqolar olan bu taksilər Milli Olimpiya Komitəsinin üzvlərini, rəsmi qonaqları, idmançıları daşımağa kömək edəcək. Diqqət yetiriləcək ki, sürücülər yorğun olmasın. Bundan başqa, avtobus sürücüləri xüsusi səliqəli geyimdə olacaqlar və hər hansı avtobusda nasazlıq baş verərsə, problem operativ şəkildə aradan qaldırılacaq. Bütün avtobuslarda hüquq-mühafizə orqanlarının əməkdaşları olacaq ki, hər hansı vəziyyətdən asanlıqla çıxa bilsinlər. Dövlət Yol Polisi həmin avtobusları müşayiət edəcək. Biz sürücülərdən xahiş edəcəyik ki, oyunların keçirildiyi 7 gün ərzində “sarı zolaqlar”dan istifadə etməsinlər. Bu zolaqlar idmançıların vaxtında idman arenalarına çatması üçün nəzərdə tutulub. Hər hansı yolların bağlanması nəzərdə tutulmur. Yalnız yarışlar günü Tennis Akademiyasının qarşısında və velosiped yarışlarının keçiriləcəyi Şıxov-Azneft istiqamətindəki yolda bir sıra məhdudiyyətlər qoyulacaq”.

Yarışlarda iştirak edən atletlərin və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəraitdə nəzərdə tutulan məntəqələrə çatdırılması üçün Bakı Nəqliyyat Agentliyi də xüsusi iş rejiminə keçib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar olaraq paytaxtın 12 küçə və prospektinə yenidən “sarı zolaqlar” çəkilir. Zolaqların çəkilməsində məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. İlk “sarı zolağın” çəkilişinə Ziya Bünyadov prospektində başlanıb. Ardıcıl olaraq müəyyən edilmiş digər yollarda da zolaqların çəkilişi aparılacaq.

Qeyd edək ki, 21-27 iyul tarixlərində keçiriləcək festival zamanı 12 idman obyektində 3500-dən çox könüllü fəaliyyət göstərəcək. Eyni zamanda onlar şəhərin müxtəlif yerlərində təbliğat və yardım işlərini həyata keçirəcəklər.

Hazırda festivalın rəmzi talismanları olan “Cırtdan” və “Bəbir”i şəhərin müxtəlif yerlərində görmək mümkündür. Bu personajlar paytaxtın park və mərkəzi küçələrində sakinlərlə görüşür, xüsusilə balacaların istirahətinin səmərəli təşkilində yaxından iştirak edirlər.

2019-07-18 / 17:48
Facebook