Tehranda İran, Azərbaycan, Rusiya və Türkiyə rabitə və informasiya texnologiyaları nazirlərinin iştirakı ilə iclas keçirilib.
Verilən məlumata görə, iclasda İran rabitə və informasiya texnologiyaları Məhəmməd Cavad Azəri Cəhromi, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiyanın Rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov və Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumunun İdarə Heyətinin sədri Ömər Abdullah Qaragözoğlu iştirak edib.
Məhəmməd Cavad Azəri Cəhromi iclası müsbət qiymətləndirib və bildirib ki, ötən bir il ərzində 3 ölkənin rabitə və informasiya texnologiyaları nazirləri ilə müştərək məqsədə çatmaq üçün davamlı əlaqələr yaradılıb: “Bizim məqsədimiz dijital iqtisadiyyat sahəsində müştərək bazar yaratmaqdır, çünki dünya iqtisadiyyatının böyük hissəsi dijital iqtisadiyyat üzərində qurulub”.
Nazir qeyd edib ki, Bakıda keçirilən ilk iclasda innovasiya və yaradıcılıq sahəsində bir mərkəzin yaradılması haqda razılıq əldə olunub və bu mərkəz artıq formalaşmaq üzrədir: “Bugünkü iclasda innovasiyaya dəstək mərkəzinin formalaşması üçün xüsusi komitənin yaradılması barədə razılaşma əldə olundu. Məqsədimiz informasiya texnologiyaları sahəsində bölgədə ciddi bir bazar yaratmaqdır”.
İclas zamanı nazirlər arasında saziş imzalanıb.
Sonda 4 ölkənin naziri Tehran iclasının markasının təqdimatını edib.
Qeyd edək ki, adıçəkilən nazirlər Tehranda bu gün İran prezidenti Həsən Ruhanin iştirakı ilə keçiriləcək “Smart hadisə” adlı iclasa da qatılacaqlar.