Bu il “ASAN Viza” vasitəsi ilə 429000-dən çox viza verilib - Statistika

 
 
“ASAN Viza” vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib
2019-cu ilin ilk 6 ayı ərzində “ASAN Viza” vasitəsi ilə verilən vizaların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 61% artıb. Belə ki, cari dövr ərzində “ASAN Viza” vasitəsi ilə 429 000-dən çox viza verilib. “ASAN Viza” sisteminin əsas məqsədi ölkəmizə gələn əcnəbi vətəndaşların viza əldə etmək prosedurlarının asanlaşdırılmasıdır. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu sistemlə viza almaq imkanına malik 95 ölkənin vətəndaşları sadəcə www.evisa.gov.az portalı üzərindən müraciət edərək cəmi 3 gün ərzində elektron viza əldə edə bilirlər. Təcili olduqda isə həmin vizalar 3 saat ərzində verilə bilir. 
 
 
 
ASAN Viza” vasitəsi ilə bu il verilən ümumi vizaların 39 %-i məhz Azərbaycanın beynəlxalq hava limanlarında 15 ölkə vətəndaşı üçün müvafiq sistemlə əldə olunan vizaların payına düşür. Hava limanlarında 7 dildə fəaliyyət göstərən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə, həmçinin əməkdaşların iştirakı ilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Bəhreyn, Türkiyə və Yaponiya vətəndaşları 2 dəqiqə ərzində öz elektron vizalarını əldə edə bilərlər. Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə də Azərbaycan Respublikasının beynəlxalq statuslu havalimanlarında viza rəsmiləşdirilir. 
 
 
Ümumilikdə “ASAN Viza” sistemi tətbiq olunduğu tarixdən indiyədək 184 fərqli ölkə vətəndaşına viza verilib. Bura Azərbaycana elektron viza almaq imkanına malik 95 ölkədən başqa, müxtəlif diplomatik və biznes istiqamətli viza verilən ölkələr də daxildir. Azərbaycana e-viza üçün ən çox müraciət edənlər İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və Birləşmiş Krallıq vətəndaşlarıdırlar. 
 
 
Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-ci il tarixli 923 nömrəli Fərmanına əsasən yaradılan və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən reallaşdırılan “ASAN Viza” sistemi ölkədə turizmin inkişafına da öz töhfəsini verir. 
 
 
2019-cu ilin ilk 6 ayı ərzində “ASAN Viza” ilə Azərbaycana səfər edən əcnəbilərin 78%-i səfər məqsədini turizm olaraq qeyd edib. Digər hissə isə əcnəbilərin özləri tərəfindən qeyd edilən digər səbəblər və Avropa Liqasının final oyunu, Formula 1 və başqa tədbirlər ilə əlaqədar səfərlər olub. 
 
2019-07-11 / 17:13
Facebook