Əli Həsənov: Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

 

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ötən il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə xüsusi açıqlama verib.

"Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Ötən müddətdə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları ssenarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb. Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər. Dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl “qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır. 

Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar. Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belə olan halda, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşmalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?...

Ötən il iyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur. Yerli və xarici mediada dərc olunmuş materiallarda Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış videomüraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni, Azərbaycanda "şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub. Gəncədə terakt baş verəndən dərhal sonra radikal dini fundamentalizmi təbliğ edən Facebook səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılarla bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər.

Bu dəfə də onlara Avropadakı anti-Azərbaycan müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, orada yaşayan antimilli ünsürlərdən kömək gəldi. Rusiya və digər xarici ölkələrdə separatçı kimi “ad-san qazanmış" çevrələr də cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. Xatırladım ki, bu teraktdan bir ay əvvəl, 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu "Foreign Policy " nəşri "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc edərək baş verəcək təxribatlar haqqında xəbərdarlıq edirdi. Bu gün terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları isə Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir.

Qəribə deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə Ermənistan, bəzi dövlətlərdəki klerikal dairələr, ekstremistlər, xarici ölkələrə qaçmış, sadəcə, pula və məişət rahatlığının təminatına can atan bəzi azərbaycanlılar tərəfindən aparılan təmərküzləşmiş, təhlükəli ideoloji təxribat bu günlərdə yenidən canlanıb. Demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə, terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar. Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi, terrorun tüğyan etməsi ilə nəticələnir.

Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir".

 

 
2019-07-04 / 11:25
Facebook