"Azərbaycan polisi xalqa ləyaqətlə xidmət edib"- Vilayət Eyvazov

 

 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2 iyul - Polis günü münasibətilə DİN-in şəxsi heyətini təbrik edib.

Təbirkdə deyilir: "Yarandığı gündən şərəfli yol keçən Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşıb mətinləşib, dövlətin əsas dayaqlarından birinə çevrilib. 

Bu gün Prezident İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Möhtərəm Prezident tərəfindən bu peşə bayramı ərəfəsində şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi barədə qəbul etdiyi qərarlar hər birinizin gərgin əməyinə verilən ali qiymətin əyani təsdiqidir. 

Əminəm ki, milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.“Polis günü” münasibətilə bütün şəxsi heyəti, veteranlarımızı, torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram!". 

2019-07-02 / 13:41
Facebook