Fransa məhkəməsi qondarma Dağlıq Qarabağ rejimi ilə imzalanmış daha 4 “dostluq xartiyası”nı ləğv edib

 

 

Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şeher inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar qəbul olunub.

Bu barədə Fransadakı erməni diasporunun media orqanlarından olan "Nouvelles d'Armenie" saytı məlumat yayıb.

Məlumatda Qrenobl məhkəməsinin 4 “dostluq xartiyası”nı ləğv etdiyi bildirilir. Vurğulanır ki, prefektin müraciəti əsasında Qrenobl inzibati məhkəməsi iyunun 11-də Drom departamentinin özü, həmçinin bu departamentdə yerləşən Valans, Bur-le-Valans və Bur-dö-Peaj kommunaları ilə Azərbaycanın 25 ildən artıqdır işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış dörd xartiyanı ləğv edib.

Bu xartiyaların ləğv olunmasının səbəbləri kimi onların Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə uyğun gəlməməsi, həmçinin bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bitərəfliyini şübhə altına alması göstərilir.

2019-06-12 / 18:37
Facebook