Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyerın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Dövlətimizin başçısı “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək, bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğuladı. Bakının qədim tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd etdi. Dövlətimizin başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini qeyd edərək qonaqların sayının durmadan artdığını bildirdi.
Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyer Bakıya gələn hər bir qonaqda buradakı inkişaf proseslərinin, tarixi və müasir tikililərin dərin təəssürat hissi doğurduğunu qeyd etdi. O, Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin və infrastruktura qoyulan investisiyaların paytaxtımızın inkişafına böyük töhfə verdiyini vurğuladı. Tomas Vonyer nümayəndə heyəti adından “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun keçirilməsi ilə bağlı göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə, o cümlədən Azərbaycan Memarlar İttifaqına minnətdarlığını bildirdi. Qonaq Bakının inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlərlə əlaqədar təbriklərini dövlətimizin başçısına çatdırdı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda həyata keçirilən inkişaf prosesləri ilə yanaşı, tarixi irsin qorunması işinə də böyük diqqət verildiyini qeyd etdi. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar müvafiq infrastruktur layihələrinin də həyata keçirilməsinə böyük önəm verildiyini bildirdi.