Pakistanın Prezidenti və birinci xanımı Heydər Əliyev Fondunun dəstəyi ilə İslamabadda uşaqlar üçün keçirilən tədbirdə iştirak ediblər

 

 

Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondundun dəstəyi ilə Beynəlxalq Uşaqlar Günü və müqəddəs Ramazan ayı ilə əlaqədar tədbir keçirilib.

Səfirlikdən bildiriblər ki, tədbirdə Pakistan Prezidenti Arif Alvi və birinci xanım Samina Alvi, dövlət rəsmiləri, deputatlar, tanınmış ictimai-siyasi xadimlər, bir sıra xarici ölkələrin Pakistandakı səfirləri və diplomatlar iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından tədbir iştirakçılarını salamlayaraq Beynəlxalq Uşaqlar Günü və müqəddəs Ramazan ayı münasibətilə təbrik edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə uşaqların hüquq və azadlıqlarının qorunmasının, onların rifah halının yaxşılaşdırılmasının, eləcə də bu sahədə dövlət siyasətinin koordinasiya edilməsinin Azərbaycan hökumətinin əsas vəzifələrindən biri olduğunu deyib. Səfir bununla yanaşı, qeyri-hökumət təşkilatlarının da Azərbaycanda uşaqların hüquqlarının müdafiəsində fəal iştirak etdiyini diqqətə çatdırıb.

Diplomat Heydər Əliyev Fondunun Azərbaycanda və ölkəmizdən kənarda uşaqların müdafiəsi istiqamətində həyata keçirdiyi layihələr barədə danışıb. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun Pakistanın bir çox əyalətində səhiyyə, təhsil, sosial və humanitar sahələrdə müxtəlif layihələr həyata keçirdiyini və bu layihələrin bu gün də davam etdirildiyini bildirib.

Səfir uşaqların hüquq və maraqlarının qorunmasının zəruriliyini qeyd edərək bir çox sosial göstəricilərin Pakistanın da son illər ərzində uşaq hüquqlarının qorunmasında qazandığı uğuru əks etdirdiyini, Pakistan Prezidentinin tədbirə təşrif buyurmasının uşaqların müdafiəsi ilə bağlı dövlətin səylərinin və qərarlılığının bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan ilə Pakistan arasında ortaq mənəvi dəyərlərdən irəli gələn və yüksələn xətlə inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin olduğunu ifadə edə Əli Əlizadə Heydər Əliyev Fondu tərəfindən Beynəlxalq Uşaqlar Gününün və müqəddəs Ramazan ayının xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə Prezidentin Sarayında qeyd edilməsinə verilən razılığı, habelə Pakistan Prezidenti və birinci xanımının tədbirdə iştirakını iki ölkə arasında dostluq və qardaşlığın, eyni zamanda, uşaqların müdafiəsinə diqqətin təzahürü kimi qiymətləndirib, Pakistan Prezidenti və birinci xanımına, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya daimi dəstəyə görə təşəkkür edib.

Tədbirin xüsusi ali qonağı, Pakistan Prezidenti Arif Alvi 2005-ci ildən başlayaraq Pakistanda baş verən zəlzələdən sonra Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələrə görə Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini ifadə edib. Prezident Azərbaycan və Pakistanın tarixdən gələn birgə mədəni və mənəvi dəyərlərə əsaslanan çox yaxın dostluq münasibətlərinə malik olduğunu vurğulayıb. Prezident, həmçinin Fondun Pakistanın müvafiq xeyriyyə təşkilatlarına, məktəblərinə, mərkəzlərinə göstərdiyi yardımın səmimi xeyirxahlıq duyğularının təzahürü olduğunu qeyd edib. O, eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardımın, onları sevindirməyin yalnız dövlətin deyil, eləcə də cəmiyyətin imkanlı insanlarının vəzifəsi olduğunu bildirib, humanitar sahədə insanların fəallığının önəmini diqqətə çatdırıb.

Mərasimdə Xüsusi Təhsil üzrə Baş Direktorluğun müxtəlif məktəblərini, Talassemiya Mərkəzini və Xüsusi uşaqlar üzrə Hərbi Akademiyanı və hərbi məktəbləri təmsil edən xüsusi qayğıya ehtiyacı olan 400-dən çox uşaq iştirak edib. Tədbirdə uşaqların müxtəlif əlillik kateqoriyalarına mənsub bir qismi öz məharətlərini sərgiləyib, müxtəlif səhnəciklər və mahnılar təqdim edib, əlilliyin bacarıqsızlıq olmadığını nümayiş etdiriblər.

Tədbirin rəsmi hissəsindən sonra xüsusi uşaqlar və məktəblərin kollektivləri üçün Pakistanın Prezidenti və birinci xanımının iştirakı ilə iftar süfrəsi açılıb və uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

2019-06-03 / 18:52
Facebook