Azərbaycan səfiri Mxitaryana: Sən siyasətçi deyilsən, top qovursan

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sport News” nəşrinə verdiyi müsahibədə “Arsenal” klubunun erməni əsilli futbolçusu Hernix Mxitaryanın Avropa Liqasının Bakı finalında iştirakı üçün təhlükəsizliyinə zəmanət verildiyini bildirib.

Nəşrin tirajladığı materialda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar iki Qafqaz ölkəsi arasında diplomatik münasibətlərin mövcud olmamasına toxunulur və bunun fonunda erməni futbolçunun Bakıya gəlib-gəlməyəcəyinin sual altında olduğu qeyd olunur.

“Arsenal” klubunun rəhbərliyi artıq UEFA ilə əlaqə saxlayıb. Avropanın ali futbol qurumu 30 yaşlı erməni futbolçunun ölkəyə səfər etməsi üçün viza almasında hər cür yardım göstərməyə hazır olduğunu bildirib. 

Nəşr bundan əvvəl “Arsenal”ın Avropa Liqasının qrup mərhələsində, oktyabr ayında Bakıya etdiyi səfər zamanı heyətdə Mxitaryanın olmadığını xatırladır.

“Sky Sports News” müxbiri Mxitaryanın azərbaycanlı səfir Tahir Tağızadə ilə birbaşa əlaqə yaradacağı təqdirdə, ona şəxsən təhlükəsizliyi ilə bağlı zəmanət verməyə hazır olub-olmadığını öyrənməyə çalışıb. Tağızadə buna qısa və konkret cavab verib:

“Bu, mötəbər bir idman yarışıdır. Əgər bunun ətrafında siyasi oyunların oynanılması qarşıya məqsəd qoyulubsa, başqa məsələ. Amma sən siyasətçi deyilsən, pulu da sənə top qovmağına görə verirlər, ona görə gəl, bütün qalan məsələləri kənara ataq”, - deyə azərbaycanlı səfir bildirib.

Bu arada, nəşrin yazdığına görə, AFFA da ermənistanlı kapitanın Bakıda olacağı müddətdə təhlükəsizliyinə tam zəmanət verib.

“Problem ondadır ki, o, Azərbaycan hökumətindən icazə almadan, erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına səfər etmişdi. Belə addımın müvafiq hüquqi nəticələri olur, hökumət belə bir şəxsi “qara siyahı”ya da sala bilər. Bununla belə, ona təhlükəsizliklə bağlı zəmanətlər verilir.

Mənim Mxitaryana ismarıcım budur: sən futbolçusan axı. İstədiyin məgər futbol oynamaq deyil? Bakıya get, orada təhlükəsizliyin təmin olunacaq. Ancaq bunu bir “oyun”a çevirmək istəyirsənsə, bu, artıq başqa məsələdir. Əmin edirəm ki, Azərbaycan hökuməti oyunla əlaqədar Bakıya gələn istənilən azarkeş, futbolçu və texniki heyət üzvünün təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.”

2019-05-21 / 15:39
Facebook