Müasir beynəlxalq münasibətlər sistemində beynəlxalq və regional təşkilatların rolu xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq və regional təşkilatlar yeni dünya nizamının formalaşmasına təsir göstərən aparıcı amillərdəndir. Sülhməramlı fəaliyyəti ilə tanınan, “müsəlman dünyasının BMT-si”olaraq adlandırılan İslam Əməkdaşlıq Təşkilatı dünya düzəninin əsas fiqurlarından biridir. İƏT müasir beynəlxalq münasibətlərdə İslam dünyasının bir nömrəli müdafiəçisi kimi çıxış edir, dünya birliyi və bilavasitə təşkilata üzv dövlətlərlə münasibətlərinin, ən əsası əməkdaşlıq meyillərinin artırılmasına, islami həmrəyliyin möhkəmləndirilməsinə, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına, elm, mədəniyyət, sosial-iqtisadi və s. sahələrdə inkişafa nail olmağa çalışır. İƏT üzvlərinin sayına və mütəşəkkilliyinə görə dünyada xüsusi əhəmiyyət kəsb edən qurumlardan biridir.
Müasir beynəlxalq münasibətlərdə balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan bugün bir sıra beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir. İslam dünyasının bir parçası olan Azərbaycan 1991-ci il dekabrın 8-dən İƏT ilə çoxtərəfli münasibətlər qura bilmişdir (Qeyd etmək lazımdır ki, İƏT yarandığı 25 sentyabr 1969-cu il tarixindən 2011-ci il iyunun 28-dək İslam Konfransı Təşkilatı (İKT) adını daşımışdır). İKT Azərbaycanın beynəlxalq hüququn müstəqil subyekti kimi qəbul olunduğu ilk beynəlxalq təşkilatdır. Respublikamız bu təşkilata 1991-ci ilin dekabrında üzv olsa da, əlaqələrin intensiv xarakter alması 1993-cü ilə, yəni ümummilli lider Heydər Əliyevin rəhbərliyə qayıtdığı dövrə təsadüf edir.
Respublikamızın İKT-yə üzv qəbul olunması Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə çıxarılmasına şərait yaratdı. 90-cı illərdə erməni təcavüzünün genişləndiyi bir dönəmdə informasiya təbliğat imkanları zəif olan ölkəmizin öz haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında İƏT-in əhəmiyyətli rolu oldu. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1994-cü il dekabrın 13-14-də Mərakeş Krallığının Kasablanka şəhərində İKT-yə üzv olan ölkələrin dövlət və hökumət başçılarının 7-ci Zirvə toplantısında 2 mühüm qətnamənin qəbulu oldu. Birinci qətnamədə Ermənistanın Azərbaycana təcavüzü kəskin şəkildə pislənərək bu təcavüzə son qoyulması tələb olunmuş, zor gücünə ərazi ələ keçirilməsinin yolverilməz olduğu bildirilməklə ilk dəfə olaraq Ermənistan beynəlxalq səviyyədə təcavüzkar kimi qiymətləndirilmişdir. İkinci qətnamədə isə Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox qaçqının olması ilə əlaqədar Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi öz əksini tapmışdır. Konfransın qəbul etdiyi Yekun bəyannaməyə isə Ermənistanın Azərbaycana təcavüzü haqqında geniş bir bölmə daxil edilmişdir.
İndoneziyanın Cakarta şəhərində 1996-cı il dekabrın 9-13-də keçirilən 24-cü konfransda isə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar İKT-nin qəbul etdiyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişə haqqında” qətnamənin adı dəyişdirilərək, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” qətnamə adlandırıldı. Təbii ki, bu Azərbaycanın haqq səsinin ictimaiyyətə çatdırılması üçün mühüm nailiyyət idi.
1999-cu il iyunun 28-dən iyulun 1-dək Burkina-Faso Respublikasının Uaqaduquda keçirilmiş İKT xarici işlər nazirlərinin 26-cı konfransında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi haqqında”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilmişdir.
İslam Konfransı Təşkilatının 2008-ci il martın 13-14-də Seneqalın Dakar şəhərində keçirilmiş 11-ci Zirvə konfransı, həmin il iyunun 18-20-də Uqandanın Kampala şəhərində İƏT xarici işlər nazirlərinin 35-ci konfransı, eləcə də 2009-cu il mayın 23-25-də Suriyanın Dəməşq şəhərində keçirilmiş İƏT xarici işlər nazirlərinin 36-cı konfransı Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, qəbul edilən sənədlərdə üzv dövlətlər bir daha erməni təcavüzünü qətiyyətlə pisləmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd - şərtsiz çıxarılmasını tələb etmişlər.
İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu da Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında ifşa olunması istiqamətində birmənalı fəaliyyət reallaşdırır. İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçilməsi isə İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsi idi ki, həmin il mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin iki günlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının islam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası ilə bağlı qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.
2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırdı. Bununla da Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş beynəlxalq məlumat və təşviqat kampaniyası fəaliyyətə başladı.
18-20 may 2010-cu ildə İslam Konfransı Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Düşənbə görüşündə qəbul edilmiş bəyannamədə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslamın mədəni və müqəddəs abidə və tikililərinin dağıdılması haqqında” adlı qətnamə qəbul olunmuşdur.
2011-ci ildə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul etdi. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırdı. Qətnamənin 3-cü bəndində qeyd edilir ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənədlə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımı qiymətin verilməsinə çağırıldılar.
Məhz kampaniyanın birbaşa yorulmaz zəhməti Xocalı həqiqətlərinin dünyanın bir çox ölkələrində yayılması, yüzilin soyqırım vəhşətinin nümayişi ilə nəticələnmişdir. 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 40-cı sessiyasında təmsil olunan Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən sessiyaya Xocalı faciəsini soyqırım aktı kimi tanınması barədə qətnamə layihəsi təqdim edilmişdir. İƏT XİNŞ həmin qətnaməni qəbul etməklə Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etdi. Sessiyanın bəyannaməsində “Xocalıya ədalət” kampaniyasına dair xüsusi bənd yer almışdır. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”. Kampaniya çərçivəsində görülən məqsədyönlü fəaliyyət nəticəsində 2013-cü ilin fevralında Qahirədə keçirilən İƏT-in ali orqanı olan dövlət başçılarının zirvə görüşündə də Xocalı faciəsi insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanındı.
27-28 may 2015-ci il tarixlərində Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” başlıqlı 42-ci toplantısının yekun Bəyannaməsinin preambulasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanmışdır.
Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2016-cı il aprelin 13-15-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin Yekun Bəyanatında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ciddi mövqe ifadə olundu. Sammitdə Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında qərar qəbul edildi. BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində 20 sentyabr tarixində İslam Əməkdaşlıq Təşkilatının təsis etdiyi Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun ilk iclası keçirildi. Kontakt qrupunun tərkinə İƏT-a üzv olan 7 ölkə daxildir. Azərbaycan gələcəkdə bu tərkibin artırılması niyyətindədir.
2016-cı il 18-19 oktyabrda Özbəkistanın Daşkənd şəhərində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Təhsil və maarifçilik - Sülh və yaradıcılığa aparan yol” devizi altında keçirilən 43-cü sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə və bu təcavüz nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamə qəbul olundu. Qətnamədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsindən, bu işğalın davam etməsi və Azərbaycan ərazilərinin birtərəfli qaydada fiziki, demoqrafık, iqtisadi, sosial və mədəni xarakterinin, eləcə də institusional strukturu və statusunun Ermənistan Respublikası tərəfindən dəyişdirilməsindən, habelə işğal olunmuş Azərbaycan ərazilərində ictimai və şəxsi mülkiyyətin məhv, talan edilməsi və mənimsənilməsindən, o cümlədən sözügedən ərazilərdə təbii sərvətlərin qeyri-qanuni istismarı, bu sərvətlərdən hazırlanmış məhsulların qanunsuz ticarətindən ciddi və dərin narahatlıq ifadə edilir. Sənəddə Ermənistanın təcavüzkar kimi tanınması və təşkilatın nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, lazımı tədbirlərin görülməsi üçün BMT TŞ-ə çağırış edilir. Eləcə də üzv dövlətlərdən xahiş olunur ki, silah və hərbi avadanlığın Ermənistana ötürülməsi üçün öz ərazilərindən tranzit kimi istifadəyə imkan verməsinlər.
Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsipləri, BMT TŞ-nin müvafiq qətnamələri, eləcə də ATƏT-in sənəd və qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həll edilməli olduğu qeyd olunur. “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin Ermənistan tərəfindən dağıdılması kəskin tənqid edilir. Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur. Qərara alınıb ki, üzv dövlətlərin BMT-dəki daimi missiyaları BMT Baş Assambleyasında səsvermələr zamanı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək versin. "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması" adı altında qəbul edilmiş sənəddə isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin Ermənistan tərəfindən dağıdılması kəskin tənqid edilir.
İƏT-ə üzv dövlətlər bu qətnamə ilə bir daha Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə etdiklərini, tarixi ədalətin bərqərar olmasına tərəfdar olduqlarını göstərdilər. İƏT ixtisaslaşmış bir qurum kimi Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarları digər beynəlxalq təşkilatlara ünvanlaya və onların da bu münaqişənin həllinə obyektiv yanaşmasını tələb edə bilər.
İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırım aktı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bütün bunlar onu göstərir ki, İslam Əməkdaşlıq Təşkilatı öz Nizamnaməsində nəzərdə tutulan İslamın ədalətlilik prinsiplərinə sadiq qalaraq Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv şəkildə - ərazi bütövlüyünün toxunulmazlığına əsaslanaraq həll edilməsinə dəstək verir.
Nailə Məmmədova
“Azerbaijan Realities”